Deputat: Azərbaycan beş ildə 30 ilin dağıntısını aradan qaldırdı

“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Sabah bu şanlı tariximizin beş ili tamam olur. Bu beş il ərzində xalqımız qürurlu şəkildə, başı dik gəzib. Beş il bizim sevinc illərimizdir. Eyni zamanda bu beş il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesini yaşadığımız, o acı tarixi xatirələri bir daha dərk etdiyimiz dövrdür”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov bildirib.
O qeyd edib ki, son beş il Azərbaycan üçün quruculuq və yaradıcılıq mərhələsi olub:
“Ermənilərin 30 il ərzində dağıtdığı, viran qoyduğu əraziləri biz cəmi beş ildə yenidən qururuq və bərpa edirik. Bu günə qədər 20 minə yaxın keçmiş məcburi köçkünü öz doğma yurdlarına qaytararaq onlara firavan həyat təmin etmişik. Dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış Dövlət Proqramı” uğurla icra olunur. Artıq 100-ə yaxın yaşayış məntəqəsinin təməli qoyulub.
Demək olar ki, işğaldan azad olunmuş ərazilərdə bütün sosial infrastruktur layihələrinin yenidən qurulması və bərpası yekunlaşmaq üzrədir və qarşıya qoyulan hədəflərə çatmağımıza çox az qalıb. 2026-cı ilə qədər 140 mindən çox keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı təmin olunacaq. Bu beş il həm də Qələbəmizin dünyada rəsmən təsdiqləndiyi bir tarix oldu.
Bununla yanaşı, uzun illər düşmən münasibəti göstərən Ermənistana da yeni reallıqları qəbul etdirdi. 8 avqustda Vaşinqtonda imzalanmış sazişlər Ermənistanın bu reallığı qəbul etdiyini və regionda yaratdığımız yeni vəziyyətin sülh gündəliyinin praktik tətbiqinə keçdiyini sübut edir. Zəfər günümüzdə Azadlıq meydanında möhtəşəm hərbi parad keçiriləcək.
Bu paradda Azərbaycan öz hərbi gücünü bir daha nümayiş etdirərək, ölkəmizə pis niyyətlə baxmaq istəyənlərə ciddi mesaj göndərəcək”.