Menyu

Zəfər Günü millətimizin simvoluna çevrilən bayramdır - ŞƏRH

Ayşən Sadıxzadə
Zəfər Günü millətimizin simvoluna çevrilən bayramdır - ŞƏRH

“Hər bir xalqın tarixində özünəməxsus dövlət və dini bayramlar, əlamətdar günlər olur. Onların arasında elə əlamətdar günlər olur ki, əhəmiyyətinə görə millətin simvoluna çevrilir. Zəfər Günü məhz elə bayramlardandır. Tarixi Zəfərimizdən 5 il ötür. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə, torpaqların işğaldan azad olunması və 2023-cü ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatları 200 illik erməni separatizminə son qoymaqla, Azərbaycan xalqını dünyaya tamamilə başqa tərəfdən tanıtdı:

“Xalqı 30 illik məğlubiyyət sindromundan bir dəfəlik xilas etdi. Milli qürurumuz bərpa olundu. Müasir dünyada baş verən haqqsızlıqların, ikili standartların fonunda Azərbaycan kimi nisbətən kiçik bir dövlət üçün belə nailiyyətlər əldə edən ikinci bir dövlət yoxdur”.

Deputat vurğulayıb ki, Zəfər Gününün memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

“30 il ərzində münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu və üç böyük həmsədr dövlət heç bir nəticə əldə etmədi, yaxud münaqişəni həll etmək istəmədi. Əksinə, müxtəlif vasitələrlə Azərbaycanı təslimçiliyə vadar etməyə çalışdılar. Lakin yanıldılar, çünki İlham Əliyev şəxsiyyətini və onun siyasi iradəsini nəzərə almadılar. O dövrdə mürəkkəb geosiyasi şərtlərdə müharibəyə başlamaq son dərəcə riskli addım idi. Amma bütün çətinliklərə baxmayaraq, cəsarət, siyasi iradə, peşəkarlıq və milli ruh öz sözünü dedi”.

Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycan Ordusu müharibənin ilk günlərindən etibarən hər gün kənd və şəhərləri azad edərək, 30 illik işğala və istehkam sistemlərinə son qoydu:

“Mürəkkəb dağlıq relyefə malik ərazilərdə yerləşən, 30 il ərzində müdafiə qurğuları inşa etmiş düşmənin darmadağın edilməsi ilk baxışdan qeyri-mümkün görünürdü. Lakin ordumuzun döyüş qabiliyyəti və müasir texnologiyalarla təchizatı mümkün olmayanı reallığa çevirdi”.

Deputatın sözlərinə görə, Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də regionda və dünyada yeni reallıqlar yaradan hadisədir:

“Azərbaycanın beynəlxalq nüfuzu kəskin şəkildə artdı. Tarixi Qələbə qardaş türk xalqlarında özünəinam hissini gücləndirdi. Bu gün Prezident İlham Əliyevlə bütün güc mərkəzləri hesablaşır, hətta düşmənlər belə ona hörmətlə yanaşırlar. ABŞ, Çin kimi dünya liderlərinin cənab Prezidenti özlərinin dostu elan etməsi, bizə yuxu kimi gəlir”.

Nəsib Məhəməliyev əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur bərpa olunur, yeni şəhərlər salınır, insanlar öz yurdlarına qayıdır, Şuşa isə dünyanın mədəniyyət mərkəzinə çevrilir:

“Azərbaycan günü-gündən güclənir, inkişaf edir, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji mərkəzə çevrilib. Zəfər Gününün 5-ci ildönümü münasibətilə başda Ali Baş Komandan olmaqla, xalqımızı və türk dünyasını təbrik edirəm. Zəfərlərimiz bol olsun.”

Əlaqəli Xəbərlər