Prezident İlham Əliyevin əks-hücum əmri Türk dünyasının tarixində yeni səhifə açdı - ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda düşmən təxribatının qarşısını almaq üçün orduya bütün cəbhə boyu əks-hücum əmri verməklə, təkcə Azərbaycan tarixində deyil, Türk dünyasının tarixində də yeni səhifə açmış oldu. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmiş, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.”
Bu fikirləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
Deputat vurğulayıb ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə 8 noyabrda Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır:
“2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Alınmaz qala sayılan Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu tarix bizimlə əbədi qalacaq. Azərbaycan xalqı və gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Şuşasız bizim qələbəmiz yarımçıq olacaq” fikri müharibənin son məqsədini ifadə edirdi:
“Bu cümlə bütün dünyaya bir mesaj idi və Azərbaycan xalqı yaxşı anladı ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Şuşa yalnız strateji baxımdan deyil, həm də mənəvi baxımdan Azərbaycan üçün müqəddəsdir. Şuşa Qarabağın tacıdır, Azərbaycan xalqının ürəyidir, canıdır. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi. 44 gün ərzində bircə dəfə də geri addım atılmadı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz işğaldan azad edilmişdir. Hər gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandandan yeni müjdə gözləyirdi və işğaldan azad olunan torpaqların xəbərlərini böyük sevinc hissi ilə qarşılayırdı.”
Deputat xatırladıb ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı:
“O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmiş, hakimiyyət uğrunda mübarizə aparmışdılar. Nəticədə Şuşa kimi alınmaz qala faktiki olaraq düşmənə təslim edilmişdi. Lakin bu dəfə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə aparan yol uzun və məqsədyönlü bir hazırlıq tələb edirdi. İlk növbədə, ordumuz lazımi silah və texnika ilə təchiz olundu. Bunun üçün güclü iqtisadiyyat zəruri idi. Güclü iqtisadiyyat ordu quruculuğunun əsas şərtlərindən biridir. Müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat gücləndirildi və dayanıqlı inkişaf əldə olundu. Bu da 44 günlük müharibədə Qələbənin təmin olunmasında həlledici rol oynadı.”
Şahin Seyidzadə əlavə edib ki, bu gün Azərbaycan həmin güclü iqtisadiyyat sayəsində azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır:
“Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, ölkəmiz müharibədən sonra da sürətlə inkişaf edir. Azad edilmiş torpaqlarda bərpa və yenidənqurma prosesi qürurverici şəkildə davam etdirilir. Bu, həm xalqımızın iradəsini, həm də dövlətimizin gücünü göstərir.”
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamları ilə 27 sentyabrın “Anım Günü”, 8 noyabrın isə “Zəfər Günü” kimi təsis edilməsi xalqımızın qəhrəmanlığının və birliyinin rəmzinə çevrilib:
“Zəfər Günü xalqımıza çox yaraşır. Vətən müharibəsindəki Qələbəmizlə biz yalnız ərazi bütövlüyümüzü deyil, həm də milli qürurumuzu bərpa etdik. Bu Qələbə Azərbaycanın gücünü, xalqımızın iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlı üçün Zəfər Günü qürur, minnətdarlıq və vətənpərvərlik günüdür.”