Marketlərdən məhsul alarkən üzərindəki hansı yazılara mütləq diqqət edilməlidir?

"Necə ki, bir insanı tanımaq və kimliyini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olur, eyni qaydada qida məhsullarının da kimliyi onların etiket məlumatlarında əks olunur. Marketlərdən istər meyvə-tərəvəz, istərsə də qablaşdırılmış ərzaq alarkən etiketdəki yazılara diqqət yetirmək son dərəcə vacibdir. Çünki bu məlumatlar məhsulun keyfiyyəti, təhlükəsizliyi və qanunvericiliyə uyğunluğu barədə istehlakçıya vacib məlumatlar verir".
Bu barədə Operativ Media-ya açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev danışıb.
Ekspert bildirib ki, hər bir qida məhsulunun etiketində onun adı və tərkibi açıq şəkildə göstərilməlidir:
“Əgər allergiyamız varsa və ya pəhriz saxlayırıqsa, məhsulun tərkibi bölməsini mütləq oxumalıyıq. Hər məhsulda istehsalçının adı, ölkəsi və ünvanı qeyd olunmalıdır. Bu məlumat məhsulun harada istehsal edildiyini və kimə məsuliyyət düşdüyünü göstərir.”
Asim Vəliyev əlavə edib ki, qablaşdırmada “istehsal tarixi” və “son istifadə tarixi” mütləq şəkildə yazılmalıdır:
“Tarixi keçmiş məhsulu almaq olmaz. Etiketdə saxlanma temperaturu və şəraiti də göstərilməlidir. Azərbaycan qanunvericiliyinə əsasən, etiketdəki məlumatlar dövlət dilində – Azərbaycan dilində olmalıdır. Digər dillərdə də yazılar ola bilər, amma əsas məlumatlar mütləq Azərbaycan dilində təqdim edilməlidir.”
Ekspertin sözlərinə görə, bəzi meyvələrin üzərindəki kiçik stikerlər məhsulun növü, mənşəyi və bəzən istehsalçısı barədə məlumat verir. Bu stikerləri oxumaq da istehlakçı üçün faydalıdır.
O, həmçinin qeyd edib ki, zədələnmiş, açılmış və ya şişmiş qablaşdırması olan məhsullardan uzaq durmaq lazımdır:
“Tarixi keçmiş, etiketi silinmiş və ya mənşəyi məlum olmayan məhsulu almaq olmaz. Bəzən etiketlərdə ‘tam təbii’, ‘dərmanı əvəz edir’ kimi cəlbedici ifadələr yazılır. Bu, istehlakçını aldatmaq məqsədi daşıya bilər. Ona görə də hər birimiz alış-veriş zamanı diqqətli olmalıyıq.”
