İlham Əliyev və Zelenski arasında telefon danışığı olub - YENİLƏNİB
Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
16:03
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski öz "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə danışdım.
Xalqımıza göstərdiyi dəstəyə və başsağlığına görə ona minnətdarlığımı bildirdim. Dünən gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə etdilər. Təəssüf ki, dağıntılar və zərər var, o cümlədən Azərbaycanın Kiyevdəki səfirliyinə də ziyan dəyib. Cənab Prezident bu hücumu qınadı.
Biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığımızın bütün sahələri üzrə həqiqətən də tam yaşıl işıq var. Böyük potensial mövcuddur və biz onu gerçəkləşdirəcəyik. Təşəkkür edirəm!".