Uşaqlar arasında qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim pediatrı Xalidə Hacıyeva Operativ Media-ya bildirib ki, uşaqlarda müşahidə olunan yüksək qızdırmanın səbəbi həmişə qrip olmur:
“Əsasən virus infeksiyaları (adenovirus, reovirus, respirator sinsitial virus və s), bakterial infeksiyalar və bəzən də göbələk xəstəlikləri ilə bağlı olur. Bəzən virus infeksiyaları öskürmə, asqırma, boğaz ağrısı kimi tənəffüs yolu şikayətləri olmadan da gedə bilər. Belə olan halda uşaqda yüksək qızdırma halsızlıq iştahasızlıq əlamətləri olur, daha sonra digər əlamətlər səpki, qusma, ishal da meydana çıxa bilir. Əgər uşaqda sadalanan əlamətlər varsa kollektivdən uzaqlaşdırılmalı, yüngül hallarda evdə sahə həkiminin nəzarətində saxlamalı, bol maye, vitaminlərlə zəngin qidalar verilməlidir. Lakin yüksək hərarət, halsızlıq davam edərsə və digər əlamətlər qoşularsa xəstəxanaya müraciət etmək mütləqdir”.
