Vaşinqtonda C5+1 Zirvə Görüşü - ŞƏRH
C5+1 formatı Mərkəzi Asiya və ABŞ arasında çoxşaxəli diplomatiya imkanlarını artırır.
Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Operativ Media-ya açıqlamasında bildirib ki, beş Mərkəzi Asiya ölkəsinin prezidenti ötən həftə Vaşinqtona səfər edərək C5+1 formatının 10-cu ildönümünü qeyd edib.
Görüşlər çərçivəsində iki mühüm sənəd – İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat və Mədəni irs sahəsində niyyətə dair Birgə Bəyanat imzalanıb.
Həmçinin hər bir ölkə ilə ayrıca ikitərəfli Məlumat arayışları (fact sheet) təsdiqlənib, sənədlərdə əməkdaşlığın konturları və əsas faktlar yer alıb.
Deputat Rizvan Nəbiyev qeyd edib ki, amerikalı ekspertlər bu səfəri “C5+1 genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş format” kimi dəyərləndirirlər. Onların fikrincə, format bəzi ölkələr üçün ikitərəfli əməkdaşlığa daha çox üstünlük verən, çoxşaxəli əməkdaşlıq imkanlarını genişləndirən platforma rolunu oynayır.
İqtisadi sahədə niyyətə dair Birgə Bəyanatda “Transxəzər Ticarət Marşrutu və Bağlantı” bölməsində Transxəzər marşrutunun və TRIPP marşrutunun strateji əhəmiyyəti vurğulanır.
Sənəddə deyilir ki, C5+1 ölkələrinin və beynəlxalq ictimaiyyətin maraqları naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək üçün Transxəzər marşrutunun potensialı tam inkişaf etdirilməli, TRIPP ilə əlaqələndirilməlidir.
Rizvan Nəbiyev həmçinin bildirib ki, C5+1 formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi məqsədilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-yə ixracın təşkili üçün “Critical Minerals Dialogue” yaradılıb.
Bu təşəbbüs Mərkəzi Asiyanın nadir metallarını qlobal dəyər zəncirinə inteqrasiya etmək üçün nəzərdə tutulub.
