Menyu

Kamran Bokhari: Azərbaycanın müharibədə əldə etdiyi Zəfər regionda yeni reallıqlar yaradıb

Operativ Media
Kamran Bokhari: Azərbaycanın müharibədə əldə etdiyi Zəfər regionda yeni reallıqlar yaradıb

Cənubi Qafqazda güclər balansı ciddi şəkildə dəyişib. Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir.

Operativ Media  xəbər verir ki, bu sözləri Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunun “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ–Azərbaycan əlaqələrinə təsiri” mövzulu panel sessiyasında Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokhari deyib.

O qeyd edib ki, Azərbaycanla Naxçıvanı birləşdirən Ermənistandan keçməsi nəzərdə tutulan dəhliz də bu baxımdan strateji əhəmiyyət daşıyır. Müharibədən dərhal sonra iki dövlət arasında əldə edilən razılaşmalarda da bu məsələ xüsusi olaraq müzakirə olunub. “Tramp administrasiyası da bu marşruta xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb–Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir”, - deyə Kamran Bokhari vurğulayıb.

O, Azərbaycanın regionda söz sahibi olan bir aktora çevrildiyinə diqqət çəkərək qeyd edib: “Şimal və cənub qonşularının strateji çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın xüsusilə vasitəçilik sahəsində mühüm rol oynadığını görürük. Çünki ətraf ölkələr müharibələr və müxtəlif geosiyasi çaxnaşmalardan əziyyət çəkir. Azərbaycanın ətrafında proseslər sürətlə dəyişir və bu vəziyyət ölkə üçün yeni imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan bu imkanlardan uğurla istifadə edir”.

Əlaqəli Xəbərlər