Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri gözlənilir

İkitərəfli dialoqu davam etdirməklə növbəti altı ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərləri gözlənilir.
Operativ Media xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin prezidenti Fərhad Məmmədov Bakıda keçirilən Birinci Azərbaycan–ABŞ Beyin Mərkəzləri Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-də Ermənistana səfəri daha geniş əməkdaşlıq proqramının tərkib hissəsi olub.
“Bizim səfərimiz birdəfəlik tədbir deyildi. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana, Ermənistan nümayəndə heyətlərinin isə Azərbaycana gələcək səfərlərini əhatə edən daha geniş tədbirlər silsiləsinin bir hissəsidir. Buna görə də növbəti altı ay ərzində Ermənistan Respublikasına ən azı bir neçə dəfə səfər edəcəyimiz gözlənilir. Bu səfərlər təkcə paytaxtı deyil, müxtəlif bölgələri də əhatə edə bilər”, – o qeyd edib.
Məmmədov Ermənistan nümayəndə heyətinin Azərbaycana səfərinin ilin sonuna planlaşdırıldığını və konkret tarixlərin artıq müəyyən edildiyini vurğulayıb.
O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanın işçi qrupu ilə, həm də yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcək.