Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi təhlil edilib

Noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu çərçivəsində “Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi” mövzusunda müzakirələr aparılıb.
Operativ Media xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən sessiyada son dövrdə baş verən geosiyasi dəyişikliklərin Cənubi Qafqaz və qonşu regionlarda qüvvələr balansına təsiri təhlil olunub. Həmçinin Vaşinqton sammitinin nəticələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirləri müzakirə edilib.
Sessiyada çıxış edən “New Lines Institute”nun Analitik İnkişaf və Təlim üzrə baş direktoru Eugene Çausovski bildirib ki, geosiyasi kontekstdən başlamaq zəruridir, çünki Azərbaycan-Ermənistan sülh prosesində yalnız regional deyil, həm də qlobal güclər maraqlıdır. Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb və bu prosesdə Azərbaycan aparıcı aktorlardan birinə çevrilib. Regionda baş verən dəyişikliklər, xüsusilə də müharibədən sonra yaranmış yeni reallıqlar sülh prosesinin istiqamətini müəyyən edən əsas amillərdir.
O qeyd edib ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) və enerji sahəsinin inkişafı Tramp administrasiyası tərəfindən dəstəklənən vacib təşəbbüslərdən biridir. Bu, yalnız iqtisadi əməkdaşlığı genişləndirmir, eyni zamanda, Avrasiyada enerji təhlükəsizliyini gücləndirən strateji bir layihədir. Azərbaycan bu marşrutun əsas hissəsi olmaqla region ölkələri arasında logistik əməkdaşlığın mərkəzi rolunu oynayır. Enerji resurslarının şaxələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
“Təhlükəsizlik məsələləri hələlik digər sahələr qədər dinamik olmasa da, davamlı sülhün təmin edilməsi bu istiqamətdə irəliləyiş üçün əsas şərtdir. Sülh bərqərar olduqda iqtisadi əlaqələr dərinləşəcək, ticarət axınları genişlənəcək və region ölkələrinin bir-biri ilə əməkdaşlıq imkanları daha real olacaq. Bu prosesdən hər iki ölkə qazandığı kimi, regionun digər dövlətləri də fayda əldə edəcək. Azərbaycan isə bu çərçivədə xüsusi rola malikdir. Ölkə həm enerji, həm nəqliyyat, həm də diplomatik sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”, - deyə baş direktor vurğulayıb.
Atlantik Şuranın qeyri-rezident baş elmi işçisi və geosiyasi analitik Rich Outzenin fikrincə, ABŞ Prezidenti Donald Trampın qısa müddətdə əldə etdiyi nəticələr olduqca unikaldır. Onun fərqli yanaşması, sistemdənkənar qərarvermə üslubu və nizamlanmış güc balansına əsaslanan praqmatizmi regional səviyyədə real dəyişikliklər yaradıb və bu gün söhbət etdiyimiz proseslərə təkan verir.
Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinin təəccüblü olmadığını vurğulayan Rich Outzen əlavə edib: “Çünki Azərbaycan regionun sabitliyi üçün mühüm rol oynayıb. Azərbaycan və Ermənistan arasındakı sülh prosesi isə düşünürəm ki, daha sürətlə irəliləyəcək. Buna səbəb Tramp administrasiyasının bu məsələlərə yanaşmasının əvvəlki ABŞ hökumətlərindən müəyyən qədər fərqlənməsidir. Administrasiya daha çox praqmatik və balanslaşdırılmış mövqe ortaya qoyur, region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini prioritet kimi qəbul edir. Vaşinqton sammitinin keçirilməsi də bu yanaşmanın məntiqi davamı idi və Azərbaycan-Ermənistan münasibətlərində mühüm bir mərhələnin, yəni, danışıqların kulminasiya nöqtəsinin göstəricisi sayılır. Bu, uzun illər aparılan diplomatik səylərin nəticəsi kimi qiymətləndirilə bilər”.
Mərkəzi Asiya-Qafqaz İnstitutunun (CACI) Avrasiya üzrə baş elmi işçisi Con DiPirro deyib ki, hazırda bir çox mühüm geosiyasi dəyişikliklərin baş verdiyini görürük. Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır. O, həmçinin qeyd edib: “Sabit və təsirli bir Cənubi Qafqaz ABŞ-ın marağındadır. Mən bu bölgəni bir növ arxitektura kimi dəyərləndirirəm. ABŞ, Avropa və digər tərəfdaşlar üçün Orta Dəhlizin tam reallaşması üçün belə bir regional arxitektura zəruridir. Əgər prosesi təhlil etsək görərik ki, belə bir arxitekturanın formalaşması və davamlı olması üçün əvvəlcə TRIPP marşrutu inkişaf etdirilməlidir. Bu marşrutun inkişafı isə Ermənistanda siyasi davamlılıq tələb edir”.
ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri, dosent Anar Vəliyevin sözlərinə görə, Azərbaycanın Orta Dəhlizin mərkəzində yerləşməsi ölkəyə regional logistika və iqtisadi layihələrdə daha fəal iştirak imkanı yaradır. Bununla yanaşı, bölgədəki siyasi proseslər və davam edən münaqişələrin nəticələri gələcək planlara təsir göstərə biləcək amillər olaraq qalır.
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov isə deyib ki, yeni dünyamızda əvvəlki yanaşmalar artıq səmərəli olmur, çünki qlobal reallıqlar və geosiyasi çağırışlar yeni strategiyalar və fərqli baxışlar tələb edir. Keçmişin modelləri bu günün dinamik və mürəkkəb dünyasında işləməyəcək. Bu baxımdan, Vaşinqton sammiti xüsusi əhəmiyyət kəsb edir. O, özlüyündə böyük bir uğurun və irəliləyişin nümunəsi kimi qiymətləndirilə bilər.
M.Muradov qeyd edib ki, sammit Azərbaycan, Ermənistan və ABŞ olmaqla hər üç ölkə üçün strateji fürsətlər yaradıb. “Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından sonra regionda sabitlik təmin ediləcək və bunun nəticəsində hər iki ölkəyə xarici investorların daha geniş şəkildə cəlb edilməsi mümkün olacaq. Artıq həyata keçirilə biləcək real layihələr mövcuddur və bu layihələr iqtisadi əməkdaşlığı genişləndirmək, infrastrukturun inkişafını sürətləndirmək və regional inteqrasiyanı gücləndirmək potensialına malikdir”, - deyə o vurğulayıb.
Sessiya işini mövzu ətrafında müzakirələrlə davam etdirib.