Gecə diş sıxmaq niyə yaranır? - Həkim danışır

“Gecə diş sıxmaq (bruksizm) həm uşaqlarda, həm də böyüklərdə rast gəlinən və vaxtında qarşısı alınmadıqda ciddi fəsadlara səbəb ola bilən bir problemdir. Bu vəziyyət yalnız diş və çənə ilə bağlı deyil, həm də psixoloji, nevroloji və fizioloji amillərin təsiri nəticəsində ortaya çıxır”.
Bunu Operativ Media -ya açıqlamasında stomatoloq Anar Nəbiyev bildirib.
Onun sözlərinə görə, gecə diş sıxmanın ən çox rast gəlinən səbəbi stres və gərginlikdir:
“Gün ərzində yaşanan narahatlıq və emosional yük yuxu zamanı çənə əzələlərinin qeyri-iradi şəkildə sıxılmasına səbəb olur.
Xroniki stress problemin uzun müddət davam etməsinə gətirə bilər”.
Həkimin sözlərinə görə, dişlərin düzgün düzülməməsi, çənə quruluşundakı problemlər və ağız boşluğundakı anatomik pozuntular bruksizmi tətikləyə bilər:
“Bu zaman çənə gecə boyunca düzgün mövqedə olmur və əzələlər həddindən artıq gərginləşir”.
O bildirib ki, bruksizm tez-tez yuxu apnesi, xoruldama və digər yuxu problemləri ilə müşahidə olunur:
“Yuxu strukturunun pozulması beynin avtomatik funksiyalarını dəyişdirir və çənə əzələlərinin aktivləşməsinə səbəb olur”.
O, qeyd edib ki, spirtli içkilər, kofein (qəhvə, enerji içkiləri, çay), siqaret və nikotin məhsulları və və gec saatlarda ağır qidalanma da sinir sistemini həddindən artıq stimullaşdırır və yuxu zamanı əzələlərin sıxılmasını artırır.
Bundan başqa dərmanlar da bruksizmə səbəb ola bilər:
“Bəzi antidepresanlar və psixotrop dərmanlar bruksizmi yan təsir kimi yarada bilər”.
Araşdırmalara görə, bruksizm bəzən ailəvi xarakter daşıyır və genetik yatqınlıq riski artırır.
Parkinson xəstəliyi, demans, bəzi nevroloji pozuntular və həzm sistemi problemləri (məsələn, reflüks) də gecə diş sıxmaya səbəb ola bilər.
Burun tıxanıqlığı, allergiya və ağızdan nəfəs alma çənə əzələlərinin yuxu zamanı qeyri-normal işləməsinə gətirib çıxara bilər.
Mütəxəssisin sözlərinə görə, bruksizm vaxtında müalicə edilmədikdə diş aşınması, çənə oynağı ağrıları, baş ağrıları və yuxu keyfiyyətinin pisləşməsi kimi problemlər yaradır.
“Buna görə də səbəbin düzgün müəyyən olunması və həkimə müraciət edilməsi vacibdir”, - deyə həkim qeyd edib.