Menyu

Əzələ zəifliyi hansı xəstəliklərin əlaməti ola bilər?

Ayşən Sadıxzadə
Əzələ zəifliyi hansı xəstəliklərin əlaməti ola bilər?

"Əgər xəstə ümumi halsızlıq, tez yorulma, fiziki iş gördükdə gücsüzlük və fəaliyyətini davam etdirməkdə çətinlik kimi şikayətlər qeyd edirsə, ilk növbədə somatik xəstəliklər istisna olunmalıdır. Bu hallar vitamin çatışmazlığı, qan azlığı, müxtəlif sistem xəstəlikləri, endokrin pozuntular və ya ürək-damar problemləri ilə əlaqəli ola bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Rəna Abbasova deyib. 

O bildirib ki, əzələ zəifliyi ilə bağlı ilkin qiymətləndirmədə xəstənin yaşı xüsusi əhəmiyyət daşıyır:

“Çünki bəzi irsi və genetik xəstəliklər, xüsusilə də həyatın ilk 10 ilində ortaya çıxan əzələ distrofiyaları və miopatiyalar adətən qohum evliliyi ilə bağlı olur. Buna görə ailə anamnezi mütləq toplanmalıdır.

Əgər xəstə tam sağlam vəziyyətdə olarkən birdən-birə əzələ zəifliyi hiss edirsə, bu zaman onun həyat tərzi, məişət şəraiti, keçmiş travmalar, mövcud xroniki xəstəliklər və metabolik pozuntular araşdırılmalıdır. Xüsusən endokrin xəstəliklər və digər hormonal pozuntular əzələ funksiyasına təsir göstərə bilər.

Həkimin obyektiv müayinəsi zamanı əzələlərin gücü qiymətləndirilir. Ətraflarda əzələ zəifliyi müşahidə olunarsa, atrofiya və ya əzələ həcminin azalması kimi əlamətlər axtarılır. Sağlam və zədələnmiş əzələ arasında həcm fərqi varsa, bu, sinir və ya əzələ mənşəli patologiyaya işarə edə bilər.

Diaqnostik prosesdə ən çox istifadə olunan üsullardan biri elektromioqrafiya (EMQ) müayinəsidir. EMQ əzələ və periferik sinirlərin keçiriciliyi barədə məlumat verir. Bu müayinə əzələlərdə iltihabi xəstəliklər zamanı, irsi-genetik xəstəliklərdə, travmadan sonra, fəqərəarası disklərin zədələnməsi və sinir kökcüklərinin sıxılması nəticəsində yaranan hallarda mühüm əhəmiyyət daşıyır. Sinir zədələnməsi zamanı həmin sinirin inervasiya etdiyi əzələdə atrofiya və funksional zəiflik yarana bilər.

Bəzi hallarda əlavə olaraq əzələ biopsiyası, biokimyəvi qan analizləri və genetik testlər tələb oluna bilər. Əgər irsi xəstəlikdən şübhələnilirsə, genetik müayinə mütləq aparılmalıdır.

Qeyd etmək lazımdır ki, əzələ zəifliyi bəzən yalnız vitamin çatışmazlığından, immun sisteminin zəifləməsindən və ya virus infeksiyalarından da qaynaqlana bilər. Eləcə də bəzi autoimmun xəstəliklər ilk əlamət olaraq məhz əzələ zəifliyi ilə özünü göstərə bilər.

Əzələ zəifliyi və tez yorulma əlamətləri günün hansı vaxtında yarandığına görə də qiymətləndirilir. Səhər və ya günün sonunda baş verməsi, simptomların davametmə müddəti və intensivliyi diaqnostik baxımdan vacibdir.

Ümumiyyətlə, əgər qeyd olunan şikayətlər iki həftədən çox davam edirsə, əzələdə qabarıq zəiflik və ya ölçü fərqi yaranırsa, əl və ayaqlarda güc itkisi müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət olunmalıdır”.


Əlaqəli Xəbərlər