Qonartrozun yaranma səbəbi nədir? - Həkim danışır

"Qonartroz – diz oynağının degenerativ dəyişikliklərlə xarakterizə olunan xəstəliyidir və onun əsas yaranma səbəblərindən biri oynağa düşən artıq yüklənmədir. Bu yüklənmə həm artıq çəki, həm də uzun müddət ayaq üstə qalmaq, ağır fiziki işlə məşğul olmaq kimi faktorlarla əlaqələndirilir. Oynağa düşən təzyiqin artması nəticəsində dizin qığırdaq toxumasında tədrici aşınma, çatlamalar və zədələnmələr baş verir. Zamanla bu dəyişikliklər iltihabi proseslərin aktivləşməsinə, ödemin yaranmasına və ağrıların güclənməsinə səbəb olur".
Bu sözləri Operativ Media-ya açıqlamasında fizioterapevt Əziz Dəvrişov deyib.
O bildirib ki, qonartrozda qığırdaq zədələndikcə oynağın hərəkət həcmi azalır, sərtlik yaranır və xəstə pilləkən qalxmaq, uzun məsafə yerimək və hətta oturub-qalxmaq kimi gündəlik hərəkətlərdə çətinlik çəkir:
“Xəstəliyin irəliləməməsi üçün ilk növbədə oynağa düşən yükün azaldılması əsas prinsiplərdən biridir.
Müalicə prosesində fizioterapiya cihazlarından istifadə olunur ki, bu da oynaq daxilindəki iltihabi prosesi və ödemi azaltmağa kömək edir, nəticədə ağrılar xeyli yüngülləşir. Ardınca ətraf əzələlərin – xüsusilə də bud əzələlərinin – gücləndirilməsi həyata keçirilir. Güclü əzələ sistemi diz oynağını daha yaxşı dəstəkləyir və ona düşən təzyiqi azaldır. Bu isə həm xəstəliyin inkişafını ləngidir, həm də xəstənin həyat keyfiyyətini artırır.
Əlavə olaraq, xəstənin həyat tərzinə uyğunlaşdırılmış fiziki aktivlik, çəkini normallaşdırma və ortopedik yardım vasitələri (məsələn, dizlik və ya xüsusi altlıqlar) də uzunmüddətli sağalma prosesinə töhfə verir. Bütün bu tədbirlərin birgə tətbiqi nəticəsində qonartrozun gedişini idarə etmək və xəstənin gündəlik fəaliyyətlərini rahat şəkildə bərpa etmək mümkündür”.