Menyu

TƏBİB: Regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı diqqət mərkəzindədir

Əsəd Abbaslı
TƏBİB: Regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı diqqət mərkəzindədir

TƏBİB-in tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə müraciət dinamikası ölkədə səhiyyə xidmətlərinə tələbatın artdığını göstərir. Bu dövrdə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub. Hazırda TƏBİB xidmətlərin əlçatanlığını artırmaq və keyfiyyətini yüksəltmək məqsədilə bir sıra layihələr həyata keçirir.

Operativ Media-nın Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə məlumat verib.

O, həmçinin qeyd edib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır:

"Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb. Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir. Bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir. Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulmasını, profilaktik və sağlamlaşdırıcı tədbirlərə yönəlmiş səhiyyə sisteminin yaradılmasını, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasını və onlara ən yaxın ərazidə həllini hədəfləyir. Artıq pilot layihə Bərdə rayonunda icra edilməyə başlanıb."

Z. Ədilovanın sözlərinə görə, regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı da diqqət mərkəzindədir:

"Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi 2030-cu ilə qədər ölkənin müxtəlif regionlarında nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq, eləcə də regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqini hədəfləyir. Qeyd edim ki, layihə 2015-ci ildə Londonda ÜST və BMT-nin dəstəyi ilə təsis edilmiş “Qlobal cərrahiyyə 2030” üzrə Lanset Komissiyasının müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilir. Bu komissiyanın məqsədi dünyada bütün insanların təhlükəsiz, əlçatan və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir. Artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır. 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxış təmin ediləcək. Bundan əlavə, 2030-cu ildən TƏB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili mümkün olacaq."

Əlaqəli Xəbərlər