Menyu

İcbari tibbi sığorta üzrə 10 ayda 786 milyon manatlıq xidmət göstərilib

Əsəd Abbaslı
İcbari tibbi sığorta üzrə 10 ayda 786 milyon manatlıq xidmət göstərilib

"Qurumun tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidməti təşkil edərək fəaliyyət göstərir".

Operativ Media-nın Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar–oktyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən, 10 ayda icbari tibbi sığorta hesabına icra edilən tibbi xidmətlərin miqdarı 67 milyon, tibbi xidmətlər üzrə ödənilən məbləğ isə 786 milyon manat təşkil edib. Bu, cari ilin 10 ay üzrə proqnozlaşdırılan tibbi xidmətlərin reyestr üzrə miqdarının və məbləğinin 91 faizinə bərabərdir.

O, həmçinin bildirib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi bir sıra müsbət dinamikanı əks etdirir. Belə ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sığortalıların tibbi xidmətə müraciət sayında 5 faiz artım, icra olunan xidmətlərin ümumi sayında 21 faiz artım, tibbi xidmətlər üzrə ödənilən məbləğdə isə 8% artım qeydə alınıb.

Bununla yanaşı, sığortaolunanların tibbi xidmətə müraciət sayının artması nəticəsində isə ötən illərlə müqayisədə TƏBİB tabeli tibb müəssisələrinə verilən göndəriş sayında 46 % faiz artım müşahidə edilib.

Səbinə Quliyeva əlavə edib ki, TƏBİB-in Tibbi sığorta departamenti tərəfindən tibb müəssisəslərinin sığorta fəaliyyəti üzrə hesabatlılıq formalaşdıraraq, tibb müəssisələri tərəfindən Xidmətlər Zərfi çərçivəsində icra olunan tibbi xidmətlərin təhlili, hesabatlılığı, verilmiş göndərişlərin təhlil və nəzarəti mütəmadi şəkildə aparılır. Onun sözlərinə görə, TƏBİB tərəfindən həyata keçirilən bu nəzarət tədbirləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin şəffaf və keyfiyyətli icrasına xidmət edir.

Departament rəhbəri qeyd edib ki, 2025-ci il üzrə tibbi xidmətlərin illik proqnoz hesabatı TƏBİB tərəfindən hazırlanır və hər yarımil üzrə nəticələr təhlil edilərək növbəti dövrlərdə xidmətlərin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində istifadə olunur.

“Məqsədimiz tibbi müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək, eyni zamanda sığortalıların xidmətlərə əlçatanlığını artırmaqdır. Bunun üçün bütün göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü təmin edilir,” – deyə Səbinə Quliyeva qeyd edib.

Əlaqəli Xəbərlər