Menyu

Deputat: Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq

Ayşən Sadıxzadə
Deputat: Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq

"Laçın rayonu Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 77 gün sonra – 1992-ci il mayın 18-də işğal olundu. Bildiyiniz kimi, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul edilmişdi və cəmi iki ay sonra ölkəmiz həm Şuşanın, həm də Laçının işğalı ilə ağır bir zərbə aldı. Laçının işğalında Şuşanın cəmi 10 gün əvvəl düşmən tərəfindən ələ keçirilməsinin də ciddi təsiri olmuşdur".

Bu sözləri Operativ Media-ya açıqlamasında Laçından olan deputat Rövşən Muradov deyib. 

O bildirib ki, Laçın Ermənistanla sərhəddə yerləşən və Qarabağa açılan əsas qapılardan biridir: 

“O dövrdə Azərbaycanda daxili siyasi sabitliyin olmaması, hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi ölkənin müdafiə imkanlarını zəiflədirdi. Bu vəziyyət bir tərəfdən erməni silahlı qüvvələrinin cəbhədə irəliləməsini asanlaşdırır, digər tərəfdən isə işğal faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq imkanlarını məhdudlaşdırırdı.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Laçının adı ayrıca çəkilməsə də, həmin sənədlərdə “Erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması” tələb olunurdu ki, bu tələblər birbaşa Laçına da aid idi. Azərbaycan isə BMT qətnamələrinin icrasını faktiki olaraq özü – hərbi və siyasi yollarla təmin etdi.

2003-cü ildə İlham Əliyevin prezident seçilməsindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını daha da irəli apararaq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi və güclü ordu quruculuğunu təmin etdi.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına ölkəmiz tarixi ədaləti bərpa etdi. Ermənistan ordusu darmadağın edilərək kapitulyasiyaya məcbur edildi və Azərbaycan xalqı uzun illər işğal altında qalmış torpaqlarını azad etdi.

10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. Lakin Laçının sərhəd hissəsində yerləşən üç kənd – Güləbir, Safiyan və Türklər Azərbaycan ordusunun döyüşləri nəticəsində azad edilmişdi.

O yeddi rayonun böyük hissəsi hərbi əməliyyatlarla azad olunduğu halda, Ağdam 20 noyabrda, Kəlbəcər 25 noyabrda, Laçın isə 1 dekabrda döyüşsüz qaytarıldı. Laçının işğaldan azad olunması təkcə hərbi deyil, həm də diplomatik qələbə idi. Azərbaycan diplomatiyası müharibə meydanında qazanılan üstünlüyü siyasi masada da qorudu və Ermənistan rəhbərliyini geri çəkilməyə məcbur etdi.

Hazırda Laçın rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Yeni infrastruktur yaradılır, sakinlər öz doğma yurdlarına mərhələli şəkildə qayıdırlar. Bu günədək işğaldan azad olunmuş ərazilərə 50 mindən çox sakin köçürülüb. Laçına isə şəhər daxil olmaqla Zabux, Sus və Bəyli kənd istiqamətlərinə ümumilikdə 3576 nəfər köçürülüb və onlar iş yerləri ilə təmin olunublar.

Bütün görülən işlər göstərir ki, Laçın qısa zamanda cənnətməkana çevriləcək və Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin Laçın sakinlərinin ilk köçü zamanı söylədiyi “Əgər cənnətin təsviri varsa, bu gün Laçın elə odur” sözləri bu diyara verilən böyük dəyərin ifadəsidir.

Laçının işğaldan azad olunması və bərpası uğrunda xidmətlərinə görə Ali Baş Komandan İlham Əliyevə can sağlığı arzu edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”.

Əlaqəli Xəbərlər