Ölkədə qrip əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
8 oktyabrdan 2 dekabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 28 267 nəfər qrip əleyhinə peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 3 450 nəfər, 18-59 yaş aralığı 20 011 nəfər, 60 yaş və yuxarı isə 4 806 nəfərdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.