Valideynlər peyvənddən niyə yayınır? - Həkim danışır

“Peyvəndlər uşaqları bir çox təhlükəli infeksiyalardan qoruyan ən vacib müdafiə üsullarındandır. Klinik təcrübəmdə tez-tez görürəm ki, valideynlər peyvənd mövzusunda tərəddüd yaşayır və bəzən bu tərəddüd uşağın peyvənd cədvəlini gecikdirir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Uşaq xəstəlikləri mütəxəssisi, uzman pediatr Sevda Süzme deyib.
O, peyvənddən yayınmanın ən çox rast gəlinən səbəblərini və peyvənd sonrası normal reaksiyaları sadalayıb:
“Sosial şəbəkələrdə yayılan yanlış məlumatlar valideynlərin ən çox təsirləndiyi amillərdəndir. Peyvəndlərlə bağlı elmi əsası olmayan iddialar çox tez yayılır və bu məlumatların böyük hissəsi həqiqətə uyğun olmasa da, valideynlərdə narahatlıq yarada bilir.
Bəzi valideynlər uşağın iynə zamanı ağrı hiss edəcəyindən narahat olur. Bu qorxu tamamilə başa düşüləndir, amma ağrı çox qısa müddət çəkir və peyvəndin qoruyucu təsiri bu narahatlığı tamamilə üstələyir”.
Həkim bildirib ki, peyvənddən sonra görülə bilən normal əlamətlərin təhlükəli kimi qəbul edilməsi də tərəddüdlərə səbəb olur:
“Yüngül qızdırma, narahatlıq və iştahsızlıq kimi hallar çox vaxt təbii immun cavabdır, lakin valideynlər tərəfindən yanlış qiymətləndirilə bilər.
Bəzi ailələr uşağın xəstəliyi keçirməsinin daha faydalı olacağını düşünür və təbii immunitet anlayışına üstünlük verirlər. Lakin bir çox infeksiyalar ağırlaşmalara səbəb ola bildiyi üçün bu yanaşma risklidir və peyvəndlə qorunmaq daha təhlükəsiz sayılır.
Ətraf mühitin təsiri də böyük rol oynayır. Qohumların, dostların və tanışların danışdıqları təcrübələr, eşidilən müxtəlif hekayələr valideynlərin qərarına əhəmiyyətli dərəcədə təsir edə bilir. Mənim klinikamda da bu səbəb çox rast gəldiyim hallar arasındadır.
Peyvənddən sonra yaranan bəzi əlamətlər immun sisteminin işlədiyini göstərir və adətən narahatlıq yaratmır. Enjeksiyon yerində ağrı, toxunarkən həssaslıq, yüngül qızartı və kiçik şişkinlik tez-tez rast gəlinir və bu dəyişikliklər əksər hallarda bir-iki gün ərzində azalır.
Ümumi reaksiyalar da oxşar xarakter daşıyır. Bəzən uşağın bədən temperaturu 37.5–38.5°C arasında yüksələ bilər, halsızlıq, iştahsızlıq, narahatlıq və daha çox yatmaq istəyi müşahidə edilə bilər. Bu əlamətlər qısa müddətli olur və adətən xüsusi müdaxilə tələb etmir.
Valideynlərə hər görüşdə xüsusi olaraq qeyd edirəm ki, bəzi hallar diqqət tələb edir. Qızdırma 39°C-dən yüksəkdirsə və 48 saatdan çox davam edirsə, vəziyyət mütləq dəyərləndirilməlidir. Peyvənd yerində sürətlə böyüyən şişkinlik, sərtlik və ya irin görünməsi də ciddi hesab olunur və həkim müayinəsi tələb edir. Allergik reaksiyaları xatırladan dodaq və göz ətrafında şişkinlik, yayılmış səpgi və ya nəfəsalma çətinliyi kimi əlamətlər təcili tibbi yardım tələb edir. Uşağın qeyri-adi dərəcədə halsız olması, dayanmayan ağlama və ya qıcolma epizodu da pediatra müraciət üçün əsas səbəblərdir”