“Heydər Əliyev Azərbaycanın xilaskarı və dövlətçiliyin banisidir” – Naqif Həmzəyev
"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və ideya banisidir. Məhz onun xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması sayəsində bu gün biz müstəqil Azərbaycan dövlətinin uğurlarından və nailiyyətlərindən danışa bilirik".
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, 1990-cı illər Azərbaycan üçün son dərəcə ağır dövr idi:
“Sovet İttifaqı dağılsa da, müstəqilliyin ilk illəri böyük çətinliklərlə müşayiət olundu. AXC–Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi torpaqlarımızın işğalına gətirib çıxardı. Ardınca Xocalı soyqırımı kimi dəhşətli faciə baş verdi, Gəncədə qardaş qırğını yaşandı və ölkə faktiki olaraq dağılma həddinə çatdı.
Xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıtdı, Gəncədə baş verən qardaş qırğınının qarşısını aldı, Ali Sovetin Sədri seçildi və prezident səlahiyyətlərini icra etməyə başladı. O, dövləti uçurumun kənarından xilas edərək ölkəni sabitliyə çıxardı.
Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı yenidən formalaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı, ölkə region dövlətləri və dünya ilə sağlam diplomatik münasibətlər qurmağa başladı. Azərbaycan üzərinə yönəlmiş təzyiqlər kəskin şəkildə azaldı, 1994-cü ildə atəşkəsə nail olundu. Dövlət idarəçiliyində islahatlar aparıldı, xüsusilə torpaq islahatları ilə kəndlilərin öz torpaqlarına sahib olması təmin olundu. Bir sözlə, Azərbaycan yenidən quruldu və inkişaf yoluna daxil oldu.
Təəssüf ki, Ulu Öndərə bütün arzularını özünün reallaşdırması qismət olmadı. Lakin Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək onun bütün vəsiyyətlərini gerçəkləşdirdi. Ən böyük arzu – Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi – həyata keçdi. Azərbaycan bu gün regionun ən güclü dövlətinə çevrilib və ölkənin iştirakı olmadan regionda heç bir beynəlxalq proses reallaşa bilmir.
Bu gün dünya liderləri Azərbaycan Prezidentinin həyata keçirdiyi ordu quruculuğu, daxili və xarici siyasəti yüksək qiymətləndirir. Bu siyasətin əsasında isə məhz Heydər Əliyevin təməlini qoyduğu strateji xətt dayanır.
Ulu Öndər fiziki olaraq aramızda olmasa da, onun ideyaları, dəyərləri və yaratdığı dövlətçilik məktəbi yaşayır. Azərbaycan var olduqca Heydər Əliyev də daim yaşayacaq”.