Qida əlavələri düzgün seçilməzsə, nə baş verir?
Son illər apteklərdə və onlayn platformalarda reseptsiz satılan kombinə qida əlavələri, məsələn kalsium, maqnezium və sink tərkibli preparatlar və ya multivitamin-mineral kompleksləri geniş yayılıb. Bu məhsullar “bir kapsulda hər şey” prinsipi ilə təqdim olunsa da, hər orqanizm üçün eyni dərəcədə təhlükəsiz və uyğun olmaya bilər.
Bu fikirləri Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova bildirib.
Onun sözlərinə görə, insan orqanizmi bütün vitamin və minerallara eyni anda və eyni miqdarda ehtiyac duymur: "Bəzən bədəndə yalnız bir və ya iki mineralın çatışmazlığı müşahidə olunur, digərləri isə normal və ya hətta artıq səviyyədə ola bilər. Belə hallarda ehtiyac olmayan maddələrin uzunmüddətli qəbulu yan təsirlərə və mineral balansının pozulmasına səbəb ola bilər.
Məsələn, kalsiumun artıq qəbulu böyrək daşı riskini artıra, dəmir və sinkin sorulmasını azalda, həmçinin qəbizlik və qarın köpü yarada bilər. Maqneziuma ehtiyac olmadığı halda onun qəbulu ishal, elektrolit balanssızlığı, halsızlıq və aşağı təzyiqə səbəb ola bilər. Xüsusilə böyrək problemi olan şəxslər üçün bu risklidir. Sinkin yüksək dozalarda qəbulu isə mədə bulanması və ürəkbulanma yarada, mis çatışmazlığına gətirib çıxara və immunitet sistemini zəiflədə bilər".
Dietoloq bildirib ki, minerallar bir-biri ilə müəyyən mənada rəqabət aparır. Kalsium, maqnezium, sink və dəmir bağırsaqlarda eyni daşıyıcı sistemlər vasitəsilə sorulur. Onların eyni vaxtda və ehtiyac olmadan qəbulu bir mineralın artıqlığı səbəbindən digərinin sorulmasının azalmasına gətirib çıxara bilər. Nəticədə qan analizlərində göstəricilər normal görünsə belə, hüceyrə səviyyəsində çatışmazlıq yarana bilər.
Ceyhunə Yusifova vurğulayıb ki, qida əlavələrinin reseptsiz satılması onların zərərsiz olması demək deyil. Xüsusilə kombinə vitamin-mineral preparatları analiz nəticələrinə, yaşa, cinsə, mövcud xəstəliklərə və qidalanma tərzinə uyğun şəkildə seçilməlidir. Onun sözlərinə görə, “profilaktik olaraq içim” yanaşması uzunmüddətli dövrdə orqanizmin mineral balansını poza bilər.
Dietoloq qeyd edib ki, ən doğru yanaşma qida əlavələrini qəbul etməzdən əvvəl qan analizləri etdirmək və mütəxəssis məsləhəti əsasında ehtiyaca uyğun seçim aparmaqdır.