Menyu

Enerji içkiləri hormonlara necə təsir edir?

Ayşən Sadıxzadə
Enerji içkiləri hormonlara necə təsir edir?

Enerji içkiləri hormon sisteminə təsir göstərə bilər. Tərkibindəki maddələr hormon balansına həm dolayı, həm də birbaşa təsirlər yaradır.

Bu barədə Operativ Media -ya açıqlamasında nutrisioloq Fərid Səfərov bildirib.

Onun sözlərinə görə, enerji içkilərində kofein miqdarı çox yüksək olur və kofein kortizol və adrenalin kimi stres hormonlarının ifrazını artırır. Uzunmüddətli və tez-tez istifadə edildikdə bu hal xroniki stres vəziyyəti yarada bilər ki, bu da insulin, cinsi hormonlar və qalxanabənzər vəzin hormon balansına mənfi təsir göstərir. Eyni zamanda, bir çox enerji içkisi yüksək miqdarda şəkər ehtiva edir. Bu, qan şəkərində kəskin yüksəlişlərə səbəb olur, insulin ifrazını artırır və uzun müddətdə insulin müqaviməti ilə hormonal pozğunluq riskini yüksəldə bilər.

Kofein həmçinin melatoninin ifrazını azaldaraq yuxu ritmini pozur. Yuxusuzluq isə böyümə hormonu, leptin və qrelin hormonlarının balansına təsir edir, bu da iştah və çəki dəyişikliklərinə səbəb ola bilər. Kofein və stresin birgə təsiri cinsi hormonlara da dolayı yolla təsir göstərir. Qadınlarda menstrual dövr pozğunluqları, kişilərdə testosteron səviyyəsində dalğalanmalar və libido azalması ilə əlaqələndirilə bilər.

Nutrisioloq qeyd edib ki, gənclər və hamilə qadınlar üçün risk daha yüksəkdir. Yeniyetmələrdə hormon sistemi hələ tam formalaşmadığı üçün enerji içkilərinin təsiri daha güclü ola bilər. Hamiləlik dövründə isə yüksək kofein qəbulu həm hormonal, həm də sinir sistemi üçün təhlükəlidir.

Sonda vurğulanıb ki, enerji içkiləri qısa müddətli enerji versə də, uzun müddətdə hormonal balansı pozur və asılılıq yaradır. Buna görə də enerji içkiləri tamamilə qida rasionundan çıxarılmalı, sağlam qidalanma və sağlam həyat tərzi seçilməlidir.

Əlaqəli Xəbərlər