Gizli şəkər hansı əlamətlərlə özünü göstərir?
“Gizli şəkər (prediabet) çox vaxt heç bir aydın əlamət vermədən inkişaf edir”.
Bu barədə Operativ Media -ya açıqlamasında endokrinoloq Aysel Əhmədova məlumat verib.
Onun sözlərinə görə, sağlam insanlarda acqarına qan şəkərinin səviyyəsi adətən 70–100 mg/dl arasında olur:
Əgər bu göstərici 100–126 mg/dl aralığında qeydə alınarsa, bu hal gizli şəkər, yəni şəkərli diabetə aparan ilkin mərhələ kimi qiymətləndirilir. Endokrinoloq bildirib ki, gizli şəkər əksər hallarda insan tərəfindən hiss olunmur və bu səbəbdən uzun müddət diqqətdən kənarda qala bilər. Adətən problem yalnız müayinələr zamanı üzə çıxır.
Gizli şəkər daha çox artıq çəkisi olan və ya kökəlməyə meyilli şəxslərdə, oturaq həyat tərzi keçirən və fiziki aktivliyi az olan insanlarda, ailəsində şəkərli diabet xəstəsi olanlarda, hamiləlik dövründə hamiləlik diabeti keçirmiş qadınlarda, həmçinin bəzi hormonal və psixiatrik dərmanlardan uzun müddət istifadə edən şəxslərdə müşahidə olunur.
Gizli şəkər vaxtında aşkar edilmədikdə orqanizmdə bir sıra mənfi dəyişikliklərə səbəb ola bilər. Qan yağlarının yüksəlməsi, damar divarlarının zədələnməsi və bunun nəticəsində ürək-damar xəstəliklərinin yaranma riski artır. Ən ciddi təhlükə isə gizli şəkərin nəzarətsiz qaldıqda tədricən II tip şəkərli diabetə çevrilməsidir.
Gizli şəkər vaxtında aşkarlanarsa, sağlam qidalanma və müntəzəm fiziki aktivlik sayəsində qan şəkərini normada saxlamaq mümkündür. Bu baxımdan xüsusilə risk qrupunda olan şəxslərə qan şəkərini mütəmadi olaraq yoxlatmaq tövsiyə olunur”.