Menyu

Elektron siqaretlər orqanizmi necə məhv edir?

Ayşən Sadıxzadə
Elektron siqaretlər orqanizmi necə məhv edir?

“Elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda bir çoxları onları xilaskar hesab edirdi. Lakin zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin də az olmayan zərərli tərəfləri var”.

Bu sözləri Operativ Media-ya açıqlamasında pulmonoloq Əsəd Beydullayev deyib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri elektron siqaretlərin zahirən təhlükəsiz görünməsidir:

“Bu səbəbdən gənclər, yeniyetmələr və qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir zərəri yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, elektron siqaretlərin zərəri bəzi hallarda ənənəvi siqaretlərdən də çoxdur. 2019-cu ildə ABŞ-da elektron siqaret istifadəsi ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Bu xəstəlik EVALI adlanır və ağciyərin interstisial xəstəliyi kimi tanınır. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilər. Cəmi 90 gün elektron siqaret istifadəsi belə bu xəstəliyin yaranması üçün kifayət edir. Üstəlik, xəstəliyin müalicəsi də yüksək effektli hesab olunmur”.

Pulmonoloq qeyd edib ki, elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, eləcə də kişilər uzaq durmalıdırlar. Onun sözlərinə görə, elektron siqaretlərin zərərli tərəfləri, təəssüf ki, ənənəvi siqaretlərdən az deyil:

“Elektron siqaret ‘mehriban düşmən’ kimidir – gözəl və cəlbedici görünür, amma olduqca təhlükəlidir. Bu səbəbdən bəzi ölkələrdə elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bu məsələ yenidən nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qoruna bilər”.

Ə. Beydullayev həmçinin maarifləndirmə işlərinin yetərli olmadığını vurğulayıb:

“Maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər? Xüsusilə də yuxarı tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma və digər ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Buna görə də bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar”.

Əlaqəli Xəbərlər