Menyu

Bayramda qida rasionu necə olmalıdır?

Ayşən Sadıxzadə
Bayramda qida rasionu necə olmalıdır?

“Bayram günləri insanların gündəlik rejiminin pozulduğu, qidalanma və istirahət vərdişlərinin dəyişdiyi dövrdür. Bu isə xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər üçün əlavə risklər yarada bilər. Bayram süfrələri və stress ürək sağlamlığına laqeyd yanaşmaq üçün səbəb olmamalıdır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında kardioloq Sahilə Tacəddinova deyib. 

O bildirib ki, bayram süfrələrində yağlı, duzlu və ağır yeməklərin olması arterial təzyiqin yüksəlməsinə, ürəyə düşən yükün artmasına səbəb ola bilər:

"Ürək xəstələrinə tövsiyə olunur ki, bir anda çox yeməkdən çəkinib, az-az və balanslı qidalansınlar. Xüsusilə duzlu və qızardılmış yeməklər məhdudlaşdırılmalıdır.

Spirtli içkilər ürək ritmini poza, təzyiqdə ani dəyişikliklər yarada bilər. Ürək-damar xəstəliyi olan şəxslər üçün spirtli içkilərin qəbulu risklidir. Həkimlər mümkün qədər alkoqoldan uzaq durmağı tövsiyə edirlər.

Bayram günlərində dərman qəbulunu unutmaq ən çox rast gəlinən problemlərdəndir. Unutmaq lazımdır ki, ürək dərmanları müntəzəm qəbul olunmalıdır. “Bir gün keçsin, sonra davam edərəm” yanaşması ciddi fəsadlara səbəb ola bilər.

Bayram günləri uzun müddət oturaq vəziyyətdə qalmaq qan dövranını zəiflədir. Qısa gəzintilər faydalıdır, lakin ağır fiziki işlərdən və həddindən artıq yorğunluqdan uzaq durmaq lazımdır.

Bayram hazırlığı, qonaqlıq və ailədaxili gərginliklər ürəyə mənfi təsir göstərə bilər. Həkimlər emosional tarazlığın qorunmasını, əsəbiləşdirici mübahisələrdən uzaq durmağı tövsiyə edir.

Sinə ağrısı, təngnəfəslik, ürək döyüntüsünün artması, başgicəllənmə kimi əlamətlər yaranarsa, dərhal tibbi yardıma müraciət etmək lazımdır. Bayram olması həkimə müraciəti təxirə salmaq üçün səbəb deyil.

Bayram sağlamlığı riskə atmaq yox, özünə daha diqqətli yanaşmaq üçün fürsət olmalıdır. Ürəyinizi qoruyun ki, bayram sevinciniz yarımçıq qalmasın”.

Əlaqəli Xəbərlər