Deputat: Prezidentin sülhün təmin olunmasına yönəlmiş aydın, prinsipial və ardıcıl xarici siyasət strategiyası mövcuddur
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli media nümayəndələrinə verdiyi müsahibədə 2025-ci ili əsaslı şəkildə “Sülh ili” kimi xarakterizə etdi. Prezident regionda formalaşmış de-fakto sülhün dayanıqlı və institusional sülhə çevrilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi prinsipial siyasi və diplomatik kursu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda təhlil etdi”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev deyib.
O bildirib ki, bu kontekstdə 8 avqust tarixli Vaşinqton razılaşmalarının xüsusi əhəmiyyəti vurğulanıb:
“Qeyd olunub ki, Ermənistan–Azərbaycan münasibətlərində sülh sazişi üzrə aparılan danışıqların intensivləşməsi, eləcə də ATƏT-in Minsk qrupunun və onunla əlaqəli proseslərin faktiki olaraq beynəlxalq gündəmdən çıxarılması regional transformasiya baxımından dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Beləliklə, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı əvvəlki vasitəçilik mexanizmləri öz aktuallığını itirmişdir.
Prezidentin müsahibəsində vurğulandığı kimi, Azərbaycan artıq işğala məruz qalmış və ərazi bütövlüyünün bərpası üçün mübarizə aparan dövlət kimi deyil, beynəlxalq müstəvidə sülh gündəliyini formalaşdıran və sülhü təmin etmiş aktor kimi qəbul olunur. Bu yanaşma Azərbaycan Prezidentinin beynəlxalq platformalardakı çıxışlarında, o cümlədən BMT Baş Assambleyasındakı çıxışında və digər nüfuzlu beynəlxalq tədbirlərdə açıq şəkildə əks olunmuşdur.
Xüsusilə Yaxın Şərq Sammitində Prezidentin iştirakı, Türk Dövlətləri Təşkilatının Qəbələ Sammitində təhlükəsizlik məsələlərinin əsas prioritet kimi gündəmə gətirilməsi və regional sabitliyin təşviqi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. İkitərəfli formatda isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Çinlə strateji tərəfdaşlıq münasibətlərinin yaradılması və digər ölkələrlə bu münasibətlərin strateji səviyyəyə yüksəldilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Hazırda Azərbaycan Respublikasının strateji tərəfdaşlıq münasibətləri qurduğu dövlətlərin sayı otuzadəkdir ki, onların əhəmiyyətli hissəsi Avropa İttifaqına üzv ölkələrdir. Bu fakt Prezidentin xarici siyasət kursunun balanslı, praqmatik və nəticəyönümlü olduğunu təsdiqləyir.
Eyni zamanda, Prezident tərəfindən Azərbaycanın sülhə gedən yolda keçdiyi mürəkkəb mərhələlər də xatırladılıb. Birinci Qarabağ müharibəsi, antiterror tədbirləri və postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri hər bir mərhələdə dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlmiş vahid strateji xəttin tərkib hissəsi kimi təqdim edilib. Bu proseslərdə hərbi, siyasi və diplomatik resursların koordinasiyalı şəkildə səfərbər olunması Azərbaycanın dövlət strategiyasının əsas xüsusiyyəti kimi qiymətləndirilib.
Müsahibə bir daha nümayiş etdirib ki, Prezident İlham Əliyevin sülhün əldə olunması ilə bağlı aydın, prinsipial və ardıcıl xarici siyasət strategiyası mövcuddur. Bu strategiya həm ikitərəfli, həm də çoxtərəfli diplomatik platformalarda uğurla reallaşdırılır. 2025-ci ildə əldə olunan nəticələrin 2026-cı ildə də davam etdiriləcəyi və sülh gündəliyinin institusional əsaslarda möhkəmləndiriləcəyi gözlənilir”.