Musa Quliyev: Sosial rifahın artırılması Prezident İlham Əliyevin siyasətinin əsas prioritetidir
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına ilin ilk müsahibəsini verərkən bir çox mühüm məsələlərə aydınlıq gətirdi. Prezident müsahibəsində ölkənin və özünün mövqeyini dünya ictimaiyyətinə çatdırdı və eyni zamanda Azərbaycanda vətəndaşların sosial rifahının artırılması ilə bağlı öz fikir və yanaşmalarını açıqlayıb”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib:
"Cənab Prezident bildirib ki, vətəndaşların sosial rifahının qorunması və davamlı artırılması Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biridir:
“Azərbaycan sosial yönümlü siyasət aparan dövlətdir və dövlət siyasətinin iki əsas istiqamətindən biri məhz sosial yönümlü, digər istiqamət isə investisiya yönümlü siyasətdir. Prezident vurğulayıb ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması və inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Son 20 ilin statistikasına nəzər saldıqda görünür ki, ölkədə minimum əmək haqqı 40 dəfədən çox artmışdır. Bu artım həm minimum əmək haqqının, həm pensiyaların, həm də sosial müavinətlərin məbləğinin yüksəlməsinə təsir göstərmişdir və vətəndaşların sosial rifahını göstərən mühüm indikatorlardan biridir.
Prezident son illərdə aparılan dərin sosial islahatlara diqqət çəkərək qeyd edib ki, son 7 ildə ölkədə 5 böyük sosial islahat paketi qəbul edilmiş və tətbiq olunmuşdur. Bu islahatlar çərçivəsində 4 milyondan çox vətəndaş sosial dəstək almışdır və hər il təxminən 7 milyard 500 milyon manat vəsait bu məqsədlə dövlət büdcəsindən ayrılır. Prezident əlavə edib ki, Azərbaycanda işsizlik və yoxsulluq minimum səviyyədədir. Əlbəttə, hər bir ölkədə olduğu kimi, ölkəmizdə də müəyyən işsiz və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar mövcuddur. Onların sosial müdafiəsini təmin etmək məqsədilə müxtəlif tədbirlər daim həyata keçirilir.
Prezident bildirib ki, hazırda Azərbaycanda istənilən vətəndaş istənilən zaman özünə uyğun iş yeri tapa bilər. Lakin bəzi hallarda əmək haqları vətəndaşların gözləntilərini tam ödəməyə bilmir ki, bu da ölkənin sosial rifah səviyyəsi ilə bağlıdır. Daha yüksək əmək haqqı olan ölkələrdə sosial rifah səviyyəsi də müvafiq olaraq yüksək olur.
Cənab Prezident həmçinin məşğulluq proqramlarının nəticələrinə diqqət çəkərək qeyd edib ki, proqram həyata keçirildiyi dövrdə 100 mindən çox vətəndaş iş yeri tapıb, şəxsi bizneslərini yaradıb və öz məşğulluq problemlərini həll ediblər.
Bununla yanaşı, Prezident daim diqqət mərkəzində saxladığı məsələ kimi şəhid ailələri və qazilərin sosial təminatını da vurğulamışdır. İndiyə qədər 16 mindən çox şəhid ailəsi və qazi dövlət tərəfindən mənzillərlə təmin olunub, ehtiyacı olan bütün qazilər müvafiq tibbi göstərişlər əsasında minik avtomobilləri, ortopedik və protez avadanlıqlarla təmin edilib. Bu proses bundan sonra da davam etdiriləcəkdir.
Pensiya təminatı ildən-ilə artır. Hər il pensiyalarda 10% civarında artım müşahidə olunur və ünvanlı sosial yardım alanların məbləği də artırılacaqdır. Eyni zamanda, yeni iş yerlərinin yaradılması istiqamətində dövlət proqramları həyata keçirilir. Şərqi Zəngəzur və Qarabağın abadlaşdırılmasına dair qəbul edilmiş dövlət proqramında bir neçə şəhərin yaradılması nəzərdə tutulub ki, bu da vətəndaşların məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir.
Prezident bildirib ki, bu gün Azərbaycanda iki sosial proqram paralel olaraq həyata keçirilir. Birincisi, regionların sosial-iqtisadi inkişaf proqramıdır ki, 2004-cü ildə qəbul edilmiş və artıq ölkədə beşinci proqram həyata keçirilir. Bu proqram regionların inkişafına yönəlmiş böyük layihədir və davam etdirilir. Burada həm investisiya yönümlü, həm də sosial yönümlü tədbirlər həyata keçirilir. Əsas diqqət isə regionlarda vətəndaşlar üçün layiqli iş yerlərinin yaradılmasına yönəldilib.
Digər proqram isə daha geniş infrastruktur layihələrini əhatə edir. Son dörd il ərzində bu proqramın icrasına 25 milyard manata qədər vəsait ayrılmışdır. Qarabağda infrastruktur layihələri başa çatmaq üzrədir və əlavə tədbirlər də planlaşdırılır. Bundan sonra sosial yönümlü layihələr, o cümlədən mənzil tikintisi, vətəndaşların məşğulluğu və sosial infrastrukturun yaradılması sahəsində işlər davam etdiriləcəkdir. Prezident bildirib ki, bu il ilin sonuna qədər təxminən 140 min soydaşımız bu layihələr çərçivəsində işlə təmin olunacaqdır.
Cənab Prezident vurğulayıb ki, uzun illər ərzində torpaqların işğaldan azad edilməsi zamanı əldə olunmuş imkanlar çərçivəsində sosial rifahın qorunması istiqamətində böyük tədbirlər həyata keçirilmişdir. Müxtəlif illər ərzində 100-dən çox məcburi köçkün üçün şəhərciklər salınmış, 300 mindən çox vətəndaş üçün mənzillər tikilmişdir. Şərqi Zəngəzur və Qarabağın abadlaşdırılması ilə bağlı layihələr də uğurla həyata keçirilir.
Bütün bu tədbirlər göstərir ki, Azərbaycanda sosial rifahın artırılması dövlət siyasətinin mərkəzində dayanır və Azərbaycan vətəndaşı bunu həyatında hər gün hiss edir”.