Qaraciyər sağlamlığı üçün faydalı məhsullar hansılardır? - Həkim məsləhəti
“Qaraciyərin sağlamlığının qorunmasında təbii, dərmansız, emal olunmamış və kimyəvi müdaxiləyə məruz qalmamış qidaların xüsusi əhəmiyyəti vardır. Elmi tədqiqatlar və xalq təbabətindəki müşahidələr göstərir ki, bir sıra bitki mənşəli qidalar qaraciyərin funksional fəaliyyətini dəstəkləyir, detoksikasiya proseslərinə müsbət təsir göstərir və hüceyrə bərpasını stimullaşdırır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt - hepatoloq Sevinc Abasova deyib.
Onun sözlərinə görə, bu baxımdan, sitrus meyvələri, xüsusilə portağal, antioksidantlarla zəngin olması səbəbindən qaraciyərin toksinlərdən təmizlənməsinə kömək olur:
“Kərəviz və cəfəri qaraciyərin öd ifrazını stimullaşdıran və iltihabəleyhinə təsir göstərən bitkilər sırasında yer alır.
Avokado qaraciyər hüceyrələrinin qorunmasında mühüm rol oynayan sağlam yağ turşuları və antioksidantlarla zəngindir. Tədqiqatlar göstərir ki, avokadonun müntəzəm və ölçülü qəbulu qaraciyərin regenerasiya potensialını artırır. Alma isə tərkibindəki pektin sayəsində orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir və qaraciyərin yükünü azaldır.
Xalq təbabətində geniş istifadə olunan bitkilərdən biri də alaqanqaldır. Bu bitki bir sıra qaraciyər xəstəliklərində təbii dəstək vasitəsi kimi qəbul edilir. Alaqanqalın iltihabəleyhinə təsiri olduğu, qaraciyər toxumasında bərpa proseslərini stimullaşdırdığı və hüceyrə regenerasiyasını dəstəklədiyi bildirilir. Azərbaycanda bu bitki müxtəlif bölgələrdə təbii şəkildə bitir və ənənəvi müalicə üsullarında istifadə olunur.
Nar da qaraciyər üçün faydalı hesab edilir, lakin onun qəbulu zamanı mütləq ölçü gözlənilməlidir. Narın həddindən artıq istifadəsi orqanizmdə dəmirin yığılmasına səbəb ola bilər ki, bu da qaraciyər üçün əlavə yük və toksiki təsir yarada bilər. Buna görə nar yalnız müvafiq miqdarda və balanslı şəkildə qəbul edilməlidir.
Nəticə etibarilə, qaraciyərin sağlamlığının qorunmasında təbii qidalanma, bitki mənşəli məhsulların düzgün və ölçülü istifadəsi mühüm rol oynayır. Lakin istənilən bitki və ya qidanın müalicə məqsədilə istifadəsi zamanı fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və zərurət olduqda mütəxəssis məsləhəti alınmalıdır”.