Elektron siqaretlər infarkt riskini artırır?
“Cəmiyyətdə elektron siqaretlərin klassik siqaretlərə nisbətən “daha zərərsiz” olduğu barədə yanlış təsəvvür formalaşıb. Halbuki aparılan elmi araşdırmalar göstərir ki, elektron siqaretlər də ürək-damar sistemi üçün ciddi risklər yaradır və infarkt ehtimalını artıra bilər”.
Bu sözləri Operativ Media-ya açıqlamasında kardioloq Sahilə Tacəddinova deyib.
O bildirib ki, elektron siqaretlərin tərkibində nikotin əsas maddələrdən biridir:=
“Nikotin damarların daralmasına, ürək döyüntüsünün sürətlənməsinə və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Bu proseslər ürək əzələsinin oksigenə olan tələbatını artırır, lakin eyni zamanda damarların daralması səbəbindən bu tələbat tam ödənilmir. Nəticədə ürək əzələsi zədələnə və infarkt riski yüksələ bilər.
Bundan əlavə, elektron siqaretlərin buxarında olan kimyəvi maddələr damar daxili səthin – endotel qatının zədələnməsinə səbəb olur. Endotel zədələnməsi aterosklerozun, yəni damarların daxilində piy yığıntılarının formalaşmasının əsas mexanizmlərindən biridir. Ateroskleroz isə infarkt və insultun əsas səbəblərindən hesab olunur”.
Kardioloq qeyd edir ki, elektron siqaretlər qan laxtalanmasını da sürətləndirə bilər:
“Qanın qatılığı artdıqda və laxtalanma mexanizmi aktivləşdikdə, ürəyi qidalandıran damarların tutulma ehtimalı yüksəlir. Bu da xüsusilə gənc yaşlarda səbəbi izah olunmayan infarkt halları ilə nəticələnə bilər.
Ürək-damar xəstəlikləri, yüksək təzyiq, şəkərli diabet və ya irsi risk faktoru olan şəxslər üçün elektron siqaretlərin istifadəsi xüsusilə təhlükəlidir. Hətta sağlam insanlarda belə uzunmüddətli istifadə ürək ritm pozğunluqları, təzyiq dalğalanmaları və damar elastikliyinin azalması ilə müşayiət oluna bilər”.