ABŞ-də "ChatGPT"dən tövsiyyə istəyən gənc həyatını itirib
Kaliforniyada 19 yaşlı tələbə süni intellektdən aldığı təhlükəli məsləhətlərdən sonra həyatını itirib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı tələbə Sam Nelson, süni intellekt əsaslı çatbotdan aldığı təhlükəli maddə qarışımı ilə bağlı tövsiyələrdən sonra həyatını itirib.
Gəncin anası Layla Turner-Skottun paylaşdığı 18 aylıq yazışma tarixçəsinə görə, süni intellekt sistemi Nelsonu müxtəlif maddələri qarışdırmağa yönləndirib və bu proseslərin “təhlükəsiz” olduğu barədə ona təminat verib.
Nelsonun yazışmaları süni intellektin maddə istifadəsi ilə bağlı son dərəcə riskli tövsiyələr verdiyini göstərir. Gənc opioidə bənzər təsir göstərən, bitki mənşəli psixoaktiv maddə olan kratomu və benzodiazepin qrupuna aid, reseptlə istifadə edilən narahatlıq əleyhinə dərman olan Xanaxı (alprazolam) birlikdə qəbul etmək üçün çatbotdan məsləhət alıb.
Yazışmalarda botun, Nelson artıq 15 qram kratom qəbul etmişkən yaranan ürəkbulanmanı azaltmaq üçün Xanax istifadə edə biləcəyini dediyi və doza ilə bağlı tövsiyə verdiyi qeyd olunur. Mayın 26-da baş tutan başqa bir söhbətdə isə botun, daha güclü halüsinasiyalar görməsi üçün gəncə öskürək şərbətinin dozasını ikiqat artırmağı məsləhət gördüyü bildirilir.
Sam Nelson mayın 31-də yataq otağında anası tərəfindən ölü halda tapılıb. İki həftə sonra açıqlanan toksikoloji hesabatı ölüm səbəbinin alkoqol, Xanax və kratomun ölümcül kombinasiyası olduğunu təsdiqləyib.
Mütəxəssislərin rəyinə görə, bu maddələrin birlikdə qəbulu mərkəzi sinir sistemini həddindən artıq dərəcədə zəiflədərək boğulmaya (asfiksiya) səbəb olub.
Hadisə süni intellekt sistemlərinin təhlükəsizlik mexanizmlərinin nə dərəcədə asanlıqla aşılması və sağlamlıqla, xüsusilə maddə istifadəsi ilə bağlı verilən məlumatların təhlükəliliyi barədə müzakirələri yenidən gündəmə gətirib.