"ChatGPT"də xüsusi sağlamlıq bölməsi istifadəyə veriləcək
"OpenAI" şirkəti "ChatGPT" platformasında xüsusi "ChatGPT Health" bölməsini istifadəyə verdiyini açıqlayıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə tibbi analizləri və simptomları anlamaq, həkim qəbuluna hazırlaşmaq və sağlamlıq tətbiqlərindən əldə olunan məlumatları şərh etməkdə kömək etməyi hədəfləyir.
Şirkətin məlumatına görə, hazırda hər həftə təxminən 230 milyon istifadəçi "ChatGPT"dən sağlamlıqla bağlı suallar üçün yararlanır. Məhz bu artan tələbat fonunda sağlamlıq mövzularının digər söhbətlərdən ayrılması qərara alınıb.
Məlumata görə, "ChatGPT Health" çərçivəsində aparılan bütün yazışmalar ayrıca saxlanılacaq və digər çatlarda istifadə olunmayacaq. İstifadəçilər tibbi sənədlərini yükləyə, həmçinin "Apple Health" və "MyFitnessPal" kimi xarici platformaları bağlayaraq daha dəqiq və fərdiləşdirilmiş tövsiyələr ala biləcəklər.
Vurğulanıb ki, "ChatGPT Health" həkimi əvəz etmir. Platforma diaqnoz qoymur və müalicə təyin etmir. Bölmənin əsas məqsədi gündəlik sağlamlıq suallarında istifadəçiyə dəstək olmaq və onu həkimlə görüşə daha hazırlıqlı şəkildə yönləndirməkdir.
Qeyd olunun ki, layihə son iki il ərzində müxtəlif ölkələrdən yüzlərlə həkim və tibb mütəxəssisi ilə əməkdaşlıq şəraitində hazırlanıb. "ChatGPT Health" mərhələli şəkildə istifadəyə veriləcək. Əvvəlcə məhdud istifadəçi qrupu üçün açılacaq, yaxın həftələrdə isə web və iOS versiyalarında bütün istifadəçilər üçün əlçatan olacaq.