Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb, ona rusiyalı Vladimir Solovyovun açıqlamalarına görə narazılıq ifadə edən etiraz məktubu təqdim edilib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz məktubu təqdim edilib. Məktubda dövlət televiziyasına aid proqramın efirində səslənmiş bəyanatlarla bağlı dərin narazılıq ifadə olunub. Vurğulanıb ki, bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə qarşı yolverilməz müdaxilə və düşməncəsinə hərəkət hesab olunur və Ermənistan ilə Rusiya arasındakı dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur”, - o qeyd edib.
Vladimir Solovyov bundan əvvəl söyləmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.