ABŞ-nin İranla ticarətə tətbiq etdiyi yeni tariflər Azərbaycana təsir edəcək? - AÇIQLAMA
“Bizim İranla ticarət dövriyyəmiz nisbətən aşağı səviyyədədir və əmtəə mübadiləsi elə də intensiv xarakter daşımır”.
Operativ Media xəbər verir ki, bu sözləri millət vəkili Rizvan Nəbiyev ABŞ-nin İranın ticarət tərəfdaşlarına yeni və əlavə 20% tarif tətbiq etməsini şərh edərkən deyib.
O bildirib ki, qonşu dövlətlər arasında digər əsas ticarət tərəfdaşlarla müqayisədə bu fərq aydın görünür:
“İranla ümumilikdə illik ticarət dövriyyəsi 600 milyon ABŞ dolları civarındadır. Məsələn, Türkiyə ilə ticarət dövriyyəsi 2024-cü ildə təxminən 6 milyard dollar təşkil edir ki, bu da İranla olan göstəricidən təxminən 10 dəfə çoxdur. Rusiya ilə ticarət həcmi İranda 7-8 dəfə yüksəkdir, hətta Gürcüstanla belə dövriyyə iki dəfə artıqdır.
Bununla belə, söhbət gündəlik istehlak mallarından gedir və bu tip məhsullar istənilən halda orta statistik istehsalçıya və bazara müəyyən təsir göstərəcək. Yəni bu təsirin tamamilə olmayacağını demək düzgün olmaz. Əgər tarif sanksiyasının təmini üçün müvafiq mexanizmlər tətbiq olunarsa və ciddi nəzarət təmin edilsə, qonşu ölkə olduğumuz üçün bunun bazara müəyyən formada təsiri mümkündür. Ancaq bu təsirin sürətli və ciddi şəkildə bazarı sarsıdacağını demək üçün əsaslı səbəblər görmürəm. Biz idxal etdiyimiz mənbələri şaxələndirmək imkanına malikik. Bu əlsvə resurslar və zaman tələb etsə də mümkündür. Nəticə etibarilə, təsir olacaq, amma ehtimal edirəm ki, məhdud miqyasda”.
