Menyu

Meteohəssas insanlar kimlərdir?

Ayşən Sadıxzadə
Meteohəssas insanlar kimlərdir?

“Meteohəssaslıq xəstəlik deyil, orqanizmin adaptasiya mexanizmləri ilə bağlı bir vəziyyətdir. Ümumiyyətlə, meteohəssaslıq dedikdə insan orqanizminin hava şəraitində baş verən dəyişikliklərə verdiyi reaksiyalar başa düşülür. Buraya atmosfer təzyiqinin dəyişməsi, küləyin güclənməsi və ya istiqamətinin dəyişməsi, maqnit qasırğaları, havanın kəskin dəyişməsi, temperatur fərqləri və digər meteoroloji amillər daxildir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Röyanə Quluzadə deyib.

O bildirib ki, normal şəraitdə insan orqanizmində bu dəyişikliklərə uyğunlaşmaq üçün adaptasiya mexanizmləri mövcuddur və bədən bu mexanizmlər vasitəsilə daxili tarazlığı qorumağa çalışır:

“Lakin bəzi insanlarda bu mexanizmlər zəif olur. Bu səbəbdən həmin şəxslər meteohəssas adlandırılır. Qeyd etmək lazımdır ki, meteohəssas insanlar xəstə hesab edilmir. Sadəcə onların orqanizmi hava dəyişikliklərinə vaxtında və effektiv şəkildə uyğunlaşa bilmir.

Məsələn, atmosfer təzyiqi dəyişdikdə havadakı oksigenin parsial təzyiqi azalır və nəticədə qanda oksigenin miqdarı enir. Bu hal xüsusilə tənəffüs sistemi xəstəlikləri olan şəxslərə mənfi təsir göstərir. Onlarda nəfəs darlığı, hava çatışmazlığı hissi, ümumi zəiflik və halsızlıq yarana bilər. Eyni zamanda ürək-damar sistemi xəstəlikləri olanlar, arterial təzyiq problemi yaşayanlar və ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlər bu dövrləri daha ağır keçirirlər. Onların arterial təzyiqi kəskin qalxa və ya düşə bilər.

Sinir sistemi həssas olan insanlarda da adaptasiya mexanizmləri zəif olur. Belə hallarda yuxululuq, əhval-ruhiyyənin aşağı düşməsi, süstlük və psixoemosional gərginlik müşahidə edilə bilər. Miqren xəstələrində isə hava dəyişiklikləri fonunda baş ağrıları daha da güclənir".

Əlaqəli Xəbərlər