Qaraciyər piylənməsinin qarşısını necə almaq olar? - Həkim məsləhəti
Ayşən Sadıxzadə
Qaraciyərin piylənməsinin qarşısını almaq üçün ilk növbədə onun hansı səbəbdən yarandığını bilmək lazımdır. Bu, metabolik sindromla, yoxsa steatik hepatitlə əlaqəlidir? Ümumiyyətlə, qaraciyərdə piylənmə müxtəlif səbəblərdən yarana bilər. Hətta dərman mənşəli piylənmə də mümkündür. Bundan başqa, insulin rezistentliyi fonunda, qalxanabənzər vəzin fəaliyyətinin zəiflədiyi hipotireoz zamanı da qaraciyərdə piylənmə müşahidə oluna bilər.
Bu fikirləri Operativ Media-ya açıqlamasında terapevt-hepatoloq Sevinc Abasova bildirib.
“Bəzən arıq insanlarda da qaraciyərdə piylənmə aşkarlanır. Bu, maddələr mübadiləsinin pozulması ilə bağlı olur. Eyni zamanda artıq çəkili insanlarda, şəkərli diabet xəstələrində də qaraciyərin piylənməsi meydana çıxa bilər. Alkoqol qəbul edən şəxslərdə isə alkoqol mənşəli qaraciyər piylənməsi inkişaf edir.
Qaraciyərdə sadə piylənmə halları da olur. Bu zaman qaraciyərdə iltihab müşahidə edilmir və qaraciyər sınaqları normal olur. Lakin ALT, AST, GGT kimi göstəricilər yüksəkdirsə, deməli, qaraciyərdə iltihabi proses gedir. Bu hal steatik hepatit adlanır.
Qaraciyər piylənməsinin qarşısını almaq üçün ilk növbədə ona səbəb olan amil aradan qaldırılmalıdır. Əgər insulin rezistentliyi varsa, əsasən pəhrizə riayət etmək və çəki azaltmaq vacibdir. Əgər problemin kökündə hər hansı metabolik xəstəlik dayanırsa, həmin xəstəliyin müalicəsi aparılmalıdır. Fiziki aktivlik artırılmalı, axşam saatlarında qida qəbulu azaldılmalı, şirniyyat, sadə karbohidratlar və yağlı qidalardan uzaq durulmalıdır. Bu məhsulların həddindən artıq qəbulundan çəkinmək lazımdır".
