Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib - FOTOLAR
Bu gün Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXXV Yüksək Səviyyəli Toplantısı çərçivəsində qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsi keçirilib. Paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev də iştirak edib.
Operativ Media xəbər verir ki, qlobal mənzil böhranı dövrümüzün ən aktual çağırışlarından biridir. İqlim dəyişikliyi, məcburi köçkünlük və demoqrafik dəyişikliklər bu problemi daha da dərinləşdirərək mənzil məsələsini şəhər gündəliyinin tam mərkəzinə gətirir. Bu kontekstdə mənzil ayrıca bir sahə kimi deyil, təhlükəsiz, inklüziv və dayanıqlı şəhər və yaşayış məskənlərinin əsas sütunu kimi qiymətləndirilməlidir.
Müzakirə zamanı Azərbaycanın əlçatan mənzil sahəsindəki təcrübəsi, eləcə də “Daha Yaxşı Bərpa” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan yenidənqurma işləri və əhalinin doğma torpaqlara qayıdışını dəstəkləyən transformativ yanaşmalar təqdim olunub. Bu yanaşmalar mənzil siyasətinin uzunmüddətli dayanıqlılıq, sosial həmrəylik və post-münaqişə dövründə bərpa prosesində mühüm rol oynadığını nümayiş etdirir.
Anar Quliyev bildirib ki, mənzil sahəsində mövcud çağırışlar heç bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz. Bu baxımdan, o, beynəlxalq tərəfdaşları 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştiraka dəvət edib və Forumun çoxşaxəli dialoqu praktik addımlara çevirmək üçün mühüm platforma olduğunu vurğulayıb.