Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat icra olunub

Azərbaycanda TƏBİB tabeli tibb müəssisəsində ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub.
Operativ Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu ölkə üçün qürurverici hadisədir:
"Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək. Bu sistemin urologiya, xüsusən də prostatla əlaqəli cərrahiyyə, ginekologiya, ümumi cərrahiyyə, sidik cərrahiyyəsi və onkologiya sahələrində geniş tətbiq imkanları var".
"Onu da qeyd etmək istərdim ki, "Medbot" robot cərrahiyyə sistemi çoxsaylı təhlükəsizlik mexanizmləri və sensorlarla təchiz olunub. Hər hansı bir texniki nasazlıq baş verərsə, sistem avtomatik olaraq işini dayandırır və xəstənin və tibb işçilərinin təhlükəsizliyini təmin edir.
Ən vacib səlahiyyətlərdən biri də Yeni Klinikada bu sistemlə əməliyyatlara rəhbərlik edəcək hakimlər heyətinin hazırda xarici ölkələrdə ixtisaslaşmış təlim və kurslar keçmiş robot cərrahiyyəsi üzrə mütəxəssislər olmasıdır. Bu, beynəlxalq standartlara uyğun və yüksək peşəkarlıq səviyyəsində həyata keçiriləcək əməliyyatları tam şəkildə həyata keçirmək üçün imkan verir. Əminik ki, bu yenilik klinikada göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da artıracaq, xəstələrimiz üçün, eyni zamanda ölkəmizdə daha risksiz, effektiv və müasir müalicə imkanları yaradacaq", - Vüqar Qurbanov qeyd edib.