Pediatr valideynlərə xəbərdarlıq edib

“Yenidoğulmuş uşaqlarda müşahidə olunan sarılıq hallarının genezi mütləq araşdırılmalıdır. Bu hallar irsi-genetik, konyuqasion, hemolitik, parenximatoz və mexaniki mənşəli olmaqla bir neçə qrupa bölünür. El arasında işlədilən “bütün uşaqlarda sarılıq olur, özü keçib gedəcək” fikri isə son dərəcə təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər”.
Bu sözləri Operativ Media-ya açıqlamasında pediatr Sahib Cəfərov deyib.
Onun sözlərinə görə, fizioloji sarılıq - yəni müalicə tələb etməyən sarılıq - adətən həyatın 2–3-cü sutkalarında yaranır və 10–12-ci sutkalarda geriləyir. Bu zaman qanda bilirubinin səviyyəsi 14–15 mq/dl-dən yüksək olmamalıdır. Əgər bu göstərici normadan artıqdırsa, sarılıq mütləq araşdırılmalı və səbəbi müəyyənləşdirilməlidir.
Ən təhlükəli sarılıqlar hemolitik mənşəli olanlardır. Əgər ana Rh-mənfi qan qrupuna malikdirsə və ya I qan qrupundandırsa, körpə doğulan kimi göbək venasından qan götürülməli, Kumbs reaksiyası aparılmalı və bilirubinin səviyyəsi təyin edilməlidir. Çünki eritrositlərin sürətli parçalanması nəticəsində yaranan sərbəst bilirubin qısa müddətdə yüksələrək hematoensefal baryeri keçə və beyin nüvələrini zədələyə bilər. Bu hal nüvə sarılığı adlanır.
Nüvə sarılığı ağır ensefalopatiya ilə müşayiət olunur və demək olar ki, bütün hallarda uşaq serebral iflici ilə nəticələnərək ömürlük əlilliyə səbəb olur. Bunun qarşısını almaq üçün risk qrupuna daxil olan analardan doğulan körpələrdə bilirubin səviyyəsi saatbasaat nəzarətdə saxlanılmalıdır. Əgər bilirubinin artımı saatda 6 mkmol/l-dən çox olarsa, sonrakı artım gözlənilmədən qandəyişmə əməliyyatı icra edilməli və fototerapiya təyin olunmalıdır.
Ümumilikdə qeyd etmək lazımdır ki, hazırda doğum evlərindən körpələrin evə yazılması həyatlarının 2-ci və ya 3-cü sutkalarında baş verdiyindən, sarılıq riski olan uşaqların valideynləri ciddi şəkildə maarifləndirilməlidir. “Su içirmək”, “qlükoza vermək” kimi yanlış məsləhətlərdən qətiyyən uzaq durulmalıdır. Vaxtında və düzgün tibbi yardım göstərilməzsə, bu hallar ağır fəsadlar və faciə ilə nəticələnə bilər.
