Uşaqlarda qida əlavələrinin düzgün və təhlükəsiz istifadəsi - Həkim məsləhəti

Uşaqlarda qida əlavələrinin istifadəsi valideynlər arasında son illər geniş yayılıb, lakin bu, yalnız ehtiyaca uyğun, düzgün dozada və həkim məsləhəti ilə verilməlidir.
Bu sözləri Operativ Media-ya açıqlamasında həkim-pediatr Səbinə Məmmədova deyib.
O bildirib ki, qida əlavələri heç vaxt tam və balanslı qidalanmanı əvəz etmir, yalnız vitamin, mineral və ya mikroelement çatışmazlığı olduqda dəstək məqsədi daşıyır.
Həkim vurğulayıb ki, sağlam, normal inkişaf edən uşaqlara səbəbsiz yerə çoxsaylı əlavələrin verilməsi faydadan çox zərər verə bilər. Valideynlər tez-tez “immunitet üçün”, “iştah açmaq üçün” və ya “boy artsın deyə” müxtəlif preparatlara müraciət edirlər, lakin hər uşaq üçün bu yanaşma düzgün deyil. Xüsusilə yağda həll olan vitaminlərin – A, D, E, K – nəzarətsiz qəbulu toksik təsir göstərə bilər. Buna görə uşağın yaşı, çəkisi, qidalanma rejimi, mövsüm, laborator göstəricilər və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Qida əlavələrinin seçimi zamanı məhsulun tərkibi, dozası, sertifikatlı olması və uşaqlar üçün uyğun forması mühüm rol oynayır. Şərbət, damcı və ya çeynənən tablet formaları yaşa uyğun seçilməlidir. Bir neçə əlavənin eyni vaxtda verilməsi zamanı tərkiblərin üst-üstə düşməsi riski də unudulmamalıdır. Məsələn, multivitaminlə yanaşı ayrıca D vitamini və ya dəmir preparatı vermək normadan artıq doza ilə nəticələnə bilər.
Uşaqlarda qida əlavələrinin əsas məqsədi böyümə və inkişafı dəstəkləmək, immun sistemini gücləndirmək və çatışmazlıqları aradan qaldırmaqdır. Lakin bu məqsədə yalnız düzgün və nəzarətli istifadə ilə nail olmaq mümkündür.
Həkim-pediatr qeyd edib ki, uşaqlar doğulan kimi D vitamininin təyin olunması pediatriyada standart və elmi əsaslara söykənən yanaşmadır. D vitamini sümük və dişlərin sağlam inkişafı, kalsium və fosforun sorulması üçün vacibdir və raxit xəstəliyinin qarşısını alır.
D vitamininin faydası yalnız sümük sistemi ilə məhdudlaşmır. O, immun sisteminin normal işləməsində mühüm rol oynayır, uşaqları tez-tez infeksiyalardan qismən qoruyur və allergik xəstəliklərin riskini azalda bilər. Sinir sistemi və əzələ funksiyaları üçün də vacibdir. Son tədqiqatlar göstərir ki, D vitamini çatışmazlığı olan uşaqlarda tez yorulma, əhval dəyişikliyi, iştahsızlıq və yuxu pozğunluqları daha çox müşahidə olunur.
Hormon balansı yenidoğulmuşlar və uşaqlar üçün ümumi inkişafın əsas sütunlarından biridir. D vitamini hormon balansının tənzimlənməsində iştirak edərək böyümə hormonunun, paratiroid hormonunun və maddələr mübadiləsini idarə edən digər hormonların düzgün işləməsinə kömək edir. Bu balans pozulduqda uşağın fiziki və psixoemosional inkişafında problemlər yarana bilər.
Pediatrların tövsiyəsinə görə, D vitamini doğuşdan etibarən, adətən həyatın 3–5-ci günlərindən başlayaraq profilaktik dozada verilməlidir və bu, ən azı 2 yaşa qədər davam edə bilər. Doza uşağın yaşına, qidalanma növünə və mövsümə görə dəyişə bilər. Ana südü ilə qidalanan uşaqlarda D vitamini əlavə olaraq verilməlidir, süni qidalarla qidalananlarda isə qarışığın tərkibi nəzərə alınmalıdır.
Ümumilikdə pediatrik yanaşmada əsas prinsip “az, amma düzgün” qaydasıdır. Hər uşaq fərdidir və hər əlavəyə ehtiyac olmur. Valideynlərin əsas vəzifəsi özbaşına qərar vermək deyil, uşağın sağlamlığını izləyən həkimlə məsləhətləşərək düzgün addım atmaqdır. Düzgün qidalanma, kifayət qədər günəş işığı, yaşa uyğun fiziki aktivlik və yalnız zərurət olduqda qida əlavələrinin istifadəsi uşaqların sağlam və balanslı böyüməsinin ən etibarlı yoludur.
