Gürcüstan Venesueladan Abxaziyanın tanınmasını ləğv etməyi tələb edir

Gürcüstanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Revaz Lominadze Venesuela nümayəndəsi Aleksandr Yanes Deleus ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə əsas mövzu Venesuela hökumətinin keçmiş gürcü muxtariyyətləri – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını ləğv etməsi olub.
Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilir ki, gürcü tərəfi Venesueladakı son hadisələrin bu qanunsuz qərarın ləğv edilməsinə təsir edəcəyinə ümid edir.
Qeyd olunur ki, 10 sentyabr 2009-cu ildə o vaxtkı prezident Uqo Çaves Abxaziya və Cənubi Osetiyanın dövlət kimi tanındığını elan etmiş, bundan sonra Gürcüstan Venesuela ilə diplomatik əlaqələri kəsmişdi.
Bəyanatda vurğulanır ki, Venesuela ilə yanaşı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini həmçinin Suriya, Nikaraqua və Nauru da tanıyıb.
Gürcüstan rəhbərliyi ümid edir ki, Venesueladakı hakimiyyət dəyişikliyi bu qərarın ləğv olunmasına səbəb olacaq.