Mikayıl Cabbarov: İsraillə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi prioritet olaraq qalır

İsraillə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı maraq doğuran sahələrdə praktik və nəticəyönümlü yanaşma əsasında Azərbaycanın strateji prioritetlərindən biri olaraq qalır.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.
Nazir bildirib ki, iki ölkənin ikitərəfli hüquqi çərçivəsi güclənməkdə davam edir:
“Azərbaycan və İsrail siyasi və institusional səviyyələrdə uzunmüddətli qarşılıqlı əlaqələrə əsaslanan, siyasi etimad və konstruktiv dialoq üzərində qurulmuş möhkəm münasibətlərə malikdir. Qeyd edilməlidir ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır. Xüsusilə, ötən həftə Davosda Dünya İqtisadi Forumu çərçivəsində iki ölkə Prezidentinin görüşü diqqətəlayiqdir. Həmin görüş zamanı tərəflər Azərbaycan–İsrail münasibətlərinin müxtəlif sahələr üzrə ardıcıl inkişafını nəzərdən keçirmiş və əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanları müəyyən etmişlər”.