Menyu

Hipertoniya ilə bağlı bəzi dərmanlar icbari tibbi sığorta hesabına veriləcək

Operativ Media
Hipertoniya ilə bağlı bəzi dərmanlar icbari tibbi sığorta hesabına veriləcək

2026-cı ildən etibarən yüksək qan təzyiqinin müalicəsində istifadə olunan bir sıra dərman vasitələri icbari tibbi sığorta hesabına qarşılanacaq.

Operativ Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Zaur Əliyevin sözlərinə görə, 2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcək. Genişlənmə ilk növbədə travmatologiya sahəsini əhatə edəcək. Belə ki, tibbi göstəriş olduqda revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunması icbari tibbi sığorta hesabına qarşılanacaq.

Bundan əlavə, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sistemi üzrə diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiyada görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir tibbi xidmətlərin, kardiologiya sahəsində isə invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv, yüksək texnologiyalı xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur.

Agentlik sədri çıxışında resept əsasında yazılan ambulator dərmanlarla bağlı yenilikləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda ölüm riskinin əsas səbəbləri sırasında ürək-damar xəstəlikləri birinci yerdədir. Bu baxımdan, ilkin mərhələdə ürək-damar xəstəliklərinin əsas risk faktorlarından olan hipertoniya xəstəliyinin müalicəsində istifadə edilən antihipertenziv dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır.

Zaur Əliyev bildirib ki, ilkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması nəzərdə tutulur. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edəcək və müxtəlif doza və kombinasiyalar üzrə təqdim olunacaq.

Əlaqəli Xəbərlər