Qazaxıstan Azərbaycanın elektron ixrac modelinin tətbiqində maraqlıdır

“Azexport.az” portalı ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında işçi görüş keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanın elektron ixrac sahəsindəki modelinin öyrənilməsi və bu təcrübənin Qazaxıstanda yaradılması planlaşdırılan analoji platformada tətbiqi imkanlarının müzakirəsi olub.
Mərkəzi Asiyada rəqəmsal həllərin tətbiqi üzrə qabaqcıl ölkələrdən olan Qazaxıstanın nümayəndə heyəti “Azexport” portalının fəaliyyət mexanizmi ilə yaxından tanış olub. Görüş çərçivəsində “QazTrade”in hüquqi və texniki heyəti portalın idarəetmə prinsipləri, beynəlxalq elektron ticarət təşkilatları ilə inteqrasiya modelləri, eləcə də ixrac sifarişlərinin emalı və logistik idarəetmə prosesləri barədə geniş məlumat əldə ediblər.
Tərəflər “Azexport”un formalaşdırdığı rəqəmsal infrastrukturun Qazaxıstanın ixrac potensialına uyğunlaşdırılması və qarşılıqlı texnoloji mübadilə məsələlərini müzakirə ediblər.
Gələcəkdə tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının inkişaf etdirilməsi, startap ekosisteminin dəstəklənməsi, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlimlərin keçirilməsi istiqamətində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.