İranın BMT-dəki nümayəndəliyi Trampın xəbərdarlığına cavab verib

İranın BMT-dəki nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına cavab verib.
Operativ Media xəbər verir ki, nümayəndəlik İranın danışıqlara hazır olduğunu, lakin məcbur ediləcəyi təqdirdə, özünü müdafiə edəcəyini və misli görünməmiş tərzdə cavab verəcəyini bildirib.
“ABŞ-nin sonuncu dəfə səhvən Əfqanıstan və İraq müharibələrinə daxil olması 7 trilyon dolların boşa getməsinə və 7 mindən çox amerikalının həyatını itirməsinə səbəb oldu. İran qarşılıqlı maraqlar və hörmət əsasında dialoqa hazırdır, lakin təzyiq edilərsə, özünü müdafiə edəcək və indiyədək görünməmiş formada cavab verəcək”, - qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə, böyük hücumla hədələyib.