Uşakov Rubionun Ukrayna ilə bağlı açıqlamasına etiraz edib

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı danışıqlara dair səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.
Operativ Media xəbər verir ki, Uşakov bu barədə “Rossiya-1” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rubionun “Ukrayna məsələsində ərazi mövzusu istisna olmaqla bütün məsələlərin razılaşdırıldığı” barədə açıqlaması reallığı əks etdirmir.
Rusiya rəsmisi vurğulayıb ki, Ukrayna böhranı ilə bağlı müzakirələr hələ də mürəkkəb mərhələdədir və bir sıra fundamental məsələlər üzrə razılaşma əldə olunmayıb.
Uşakov əlavə edib ki, danışıqların hazırkı mərhələsində yekun nəticələrdən danışmaq tezdir.
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı aparılan təmaslarda əsas mübahisəli mövzunun ərazi məsələsi olduğunu, digər istiqamətlərdə isə müəyyən irəliləyişin əldə edildiyini bildirmişdi.