"WhatsApp" hesabınızın oğurlanmaması üçün nə etməlisiniz? - Ekspert məsləhəti

"WhatsApp" istifadəçiləri hesablarının oğurlanması riskindən xəbərdar olmalı və təhlükəsizlik tədbirlərini ciddi şəkildə tətbiq etməlidir.
İnformasiya Texnologiyaları sahəsi üzrə ekspert Fərrux Rəcəbli Operativ Media-ya açıqlamasında bildirib ki, "WhatsApp"da təhlükəsizlik yalnız tətbiqin özündə deyil, ümumilikdə bütün sosial şəbəkələrdə prioritet olmalıdır.
Ekspertin sözlərinə görə, "WhatsApp" istifadəçiləri üçün iki əsas təhlükəsizlik funksiyası mövcuddur: uçdan-uca şifrələmə və iki addımlı doğrulama. Hər iki funksiyanın aktiv edilməsi hesab oğurluğunun qarşısını almaqda həyati əhəmiyyət daşıyır.
F. Rəcəbli əlavə edib ki, telefon şəxsi olsa belə, "WhatsApp"a ayrıca giriş şifrəsi qoymaq tövsiyə olunur:
"Gündəlik həyatda telefonumuzu bir kənara qoyduqda, kimsə onu götürərək "WhatsApp"ı başqa cihazda aktivləşdirə və mesajlarınızı köçürə bilər. Çox vaxt istifadəçilər bunun fərqinə belə varmırlar".
1. Mesajların uçdan-uca şifrələnməsi – Bu funksiya mesajlarınızın başqa cihazlara köçürüldükdə və ya hesab açılmağa çalışıldıqda xüsusi şifrə tələb edir. Şifrə daxil edilmədikcə mesajlar oxunmur.
2. İki addımlı doğrulama – "WhatsApp"ı yeni cihazda aktivləşdirərkən mobil nömrə ilə təsdiqdən sonra əlavə olaraq əvvəlcədən təyin edilmiş doğrulama kodu tələb olunur. Bu kod olmadan hesab aktivləşmir və istifadəçi texniki dəstəyə müraciət etməli olur.
Ekspert qeyd edir ki, təhlükəsiz şifrə seçimi də çox vacibdir. İnsanlar tez-tez ad-soyad, doğum tarixi və ya telefon nömrəsi kimi sadə şifrələrdən istifadə edirlər ki, bu da hesabın asanlıqla oğurlanmasına səbəb olur. Daha möhkəm şifrələr üçün simvollar, böyük və kiçik hərflər və rəqəmlərdən ibarət kombinasiyalar seçilməlidir.