Uşaqlar arasında xərçəng halları niyə artır? - AÇIQLAMA
“Son illər uşaqlar arasında xərçəng hallarının artması ciddi narahatlıq doğurur. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və məsələni təsadüfi faktorlarla izah etmək mümkün deyil. Artım birbaşa müasir həyat tərzi, texnologiya asılılığı və qeyri-təbii qidalanma ilə əlaqəlidir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında fitoterapevt Fuad Mahmudov deyib.
O bildirib ki, xüsusilə uşaqların erkən yaşlardan mobil telefonlar, planşetlər və digər elektron cihazlarla uzun müddət təmasda olması diqqət çəkir:
“Bu cihazların yaydığı işıqlanma və elektromaqnit təsirlərin formalaşmaqda olan uşaq orqanizminə təsiri hələ tam araşdırılmasa da, risklərin mövcud olduğu açıq şəkildə görünür.
Digər mühüm risk faktoru uşaqların gündəlik qidalanmasıdır. Marketlərdə satılan məhsulların böyük hissəsi təbii qidalardan uzaqdır. Süni qatqılar, konservantlar və kimyəvi maddələrlə zəngin qidalar uşaqların immun sistemini zəiflədir, orqanizmdə müxtəlif pozğunluqlara zəmin yaradır. Bu cür qidalanma uzunmüddətli perspektivdə onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər.
İçməli su məsələsi də uşaqlar üçün ayrıca təhlükə mənbəyidir. Plastik qablaşdırmada uzun müddət saxlanılan sular, düzgün olmayan anbar şəraiti və mənşəyi şübhəli məhsullar uşaqların sağlamlığına birbaşa təsir göstərir. Buna baxmayaraq, mediada uşaqlar üçün də eyni şəkildə “gündə 2 litr su içmək” kimi ümumi və fərdiləşdirilməmiş tövsiyələr verilir ki, bu yanaşma düzgün hesab edilə bilməz.
Bundan başqa, uzun müddət xarab olmayan meyvə-tərəvəzlər, keyfiyyətsiz yağlar, mənşəyi bəlli olmayan düyü və yumurta kimi məhsullar da uşaqların qida rasionunda getdikcə daha çox yer tutur. Bu məhsulların tərkibində hansı maddələrin olduğu və uşaq orqanizminə uzunmüddətli təsiri barədə ciddi suallar mövcuddur.
Nəticə etibarilə, bu amillərin hamısı birlikdə uşaqlar arasında xərçəng və digər ağır xəstəliklərin artmasına zəmin yaradır. Əgər qida təhlükəsizliyi, məhsul nəzarəti və uşaqların texnologiyadan istifadəsi ilə bağlı ciddi addımlar atılmasa, gələcəkdə bu problemlərin daha da dərinləşəcəyi qaçılmazdır. Bu məsələ yalnız tibbi deyil, həm də sosial və ictimai məsuliyyət tələb edən bir problemdir”.