Menyu

Suçiçəyi xəstəliyi daha çox yayıla bilər – Həkimdən xəbərdarlıq

Ayşən Sadıxzadə
Suçiçəyi xəstəliyi daha çox yayıla bilər – Həkimdən xəbərdarlıq
Son vaxtlar uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarının artması müşahidə olunur.

Bəs suçiçəyi nədir və ondan qorunmaq mümkündürmü?

Mövzu ilə bağlı Operativ Media-ya pediatr Sahib Cəfərov açıqlama verib.


O bildirib ki, suçiçəyi uşaq infeksion xəstəliklərindən biridir və Varicella Zoster virusu tərəfindən törədilir:

"Bu virus herpes ailəsinə aiddir. Suçiçəyi yüksək kontagiozluğa malikdir, yəni yoluxma qabiliyyəti çox güclüdür. Xəstəliyə əsasən 6 ay–7 yaş arası uşaqlarda rast gəlinir. 6 aya qədər olan körpələr adətən anadan plasenta vasitəsilə ötürülən anticisimlər hesabına qorunurlar. Lakin əgər ana uşaqlıq dövründə bu xəstəliyi keçirməyibsə, həmin körpələr də suçiçəyinə yoluxa bilərlər. Qeyd edim ki, böyüklər suçiçəyi xəstəliyini daha ağır keçirirlər.

Hava-damcı yolu ilə ötürülən bütün infeksiyalardan qorunma yolları eynidir – gigiyena qaydalarına əməl etmək. Ancaq bu virusun yoluxma qabiliyyəti çox yüksək olduğu üçün təkcə gigiyena kifayət etmir. İnfeksiyadan qorunmağın ən real və effektiv yolu peyvənddir. Təəssüf ki, Azərbaycanda suçiçəyi peyvəndi artıq uzun müddətdir ki, peyvənd təqvimindən çıxarılıb. Bu da xüsusilə uşaq kollektivlərində xəstəliyin sürətlə yayılmasına səbəb ola bilər.

Suçiçəyi əksər hallarda yüngül gedişli olsa da, immun sistemi zəif olan uşaqlarda ağırlaşmalara, hətta ölüm hallarına belə gətirib çıxara bilər. Açıq şəkildə demək lazımdır ki, peyvənddən başqa bu infeksiyadan qorunmaq üçün xüsusi və etibarlı bir vasitə yoxdur. Uşağı daim evdə saxlamaq isə real deyil.

Əgər bu peyvənd yenidən peyvənd cədvəlinə daxil edilməsə, yaxın gələcəkdə daha ağır və aqressiv gedişli suçiçəyi hallarının artması qaçılmaz olacaq”.

Səhiyyə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən respublika ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş kompleks tədbirlər gücləndirilmiş rejimdə davam etdirilir:

"Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir. Aparılan məqsədyönlü və sistemli peyvənd tədbirləri nəticəsində son aylarda respublika üzrə qızılca xəstəliyinin qeydə alınması müşahidə olunmur.

Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və əsasən payız-qış aylarında qeydə alınır. Hazırda xəstəliyin ölkə üzrə kütləvi yayılması halları müşahidə edilmir. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Eyni zamanda, ilkin səhiyyə müəssisələri tərəfindən əhali arasında maarifləndirmə tədbirləri aparılır, risk qrupları üzrə epidemioloji monitorinq fasiləsiz şəkildə həyata keçirilir.

Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır".

Əlaqəli Xəbərlər