Tramp çinli həmkarı ilə telefon danışığı aparıb - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığının uzun və ətraflı olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.
O qeyd edib ki, telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyət, Rusiya-Ukrayna müharibəsi, ticarət və hərbi məsələlər, eləcə də Tayvan mövzusu müzakirə olunub.
ABŞ Prezidenti Çin lideri ilə aparılan müzakirələri yüksək qiymətləndirərək, aprel ayında Çinə səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
“Çinlə münasibətlər və Si Cinpinlə şəxsi münasibətlərim son dərəcə yaxşıdır və hər ikimiz bunun qorunmasının nə qədər vacib olduğunu anlayırıq. İnanıram ki, Prezidentliyimin növbəti üç ili ərzində Si Cinpin və Çin Xalq Respublikası ilə bir çox müsbət nəticələr əldə ediləcək”, – Tramp qeyd edib.
18:46
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət Trampın aprel ayında Çinə gözlənilən səfəri ərəfəsində baş tutub.
Çin dövlət mediası bu telefon danışığı ilə bağlı əlavə məlumat verməyib.
İki lider sonuncu dəfə 2025-ci ilin noyabr ayının sonlarında telefonla danışıblar.