Menyu

Azər Badamov: BƏƏ ilə əməkdaşlıq Azərbaycanın iqtisadi və geosiyasi maraqlarına xidmət edir

Ayşən Sadıxzadə
Azər Badamov: BƏƏ ilə əməkdaşlıq Azərbaycanın iqtisadi və geosiyasi maraqlarına xidmət edir

“Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatını neft və təbii qazdan asılılıqdan azad edərək şaxələndirməyi hədəfləyir. Bu istiqamətdə dünyanın uğurlu iqtisadi inkişaf modellərinə malik ölkələrdən nümunə götürür, konkret vizyon və siyasət planları müəyyənləşdirir, iri infrastruktur layihələri həyata keçirir və biznes üçün əlverişli mühit yaradır”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov səsləndirib.

Onun sözlərinə görə, coğrafi mövqeyi baxımından olduqca əlverişli regionda yerləşməsi, eləcə də biznes üçün geniş imkan və fürsətlərin təqdim olunması BƏƏ ilə əməkdaşlığı daha da cəlbedici edir:

“Ölkədə mövcud olan azad iqtisadi zonalar özəl sektor üçün fəaliyyətin əsas hərəkətverici qüvvələrindən biridir. İqtisadiyyatın modernləşdirilməsi çərçivəsində hökumətin sənaye siyasətində əsas prioritetlər tikinti, logistika, turizm və ticarət sahələrinin inkişafıdır.

BƏƏ-də genişmiqyaslı tikinti bumları müşahidə olunur ki, bu da xarici investorların və sahibkarların ölkəyə cəlb edilməsinə şərait yaradır. Eyni zamanda Azərbaycan da xarici siyasətində iqtisadi əməkdaşlığa, qarşılıqlı fayda gətirən layihələrə xüsusi önəm verir.

Birləşmiş Ərəb Əmirlikləri ilə həm ənənəvi, həm də bərpa olunan enerji sahələrində əməkdaşlığın artdığını görürük. Cənab Prezident İlham Əliyevin BƏƏ-yə son səfəri münasibətlərin müdafiə sahəsində də daha da genişləndiriləcəyindən xəbər verir. Nəzərə alsaq ki, birgə hərbi təlimlər qardaş Türkiyə ilə həyata keçirilir, BƏƏ ilə keçirilən birgə təlimlər də münasibətlərin dərinləşəcəyini göstərir. Bu səfər iqtisadi layihələrin icrası ilə yanaşı, geosiyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Birləşmiş Ərəb Əmirlikləri kimi yumşaq güc rolunu oynayan aktorların bölgəyə cəlb edilməsi real siyasi və iqtisadi dividendlər vəd edir”.

Əlaqəli Xəbərlər