Gündəlik həyatdakı görünməz təhlükə: İnfeksion xəstəliklər necə yayılır?
Ayşən Sadıxzadə
İnfeksion xəstəliklərin yayılma yolları, gündəlik həyatda yoluxma riskləri və gələcək pandemiya ehtimalları cəmiyyəti narahat edən əsas mövzulardandır.
Operativ Media-ya açıqlama verən infeksionist həkim Xatirə Əliyeva infeksiyalara yoluxmanın ən çox baş verdiyi məkanlar, fərdi gigiyena qaydaları, antibiotiklərin düzgün istifadəsi və cəmiyyət səviyyəsində görülməli tədbirlər barədə vacib məqamlara aydınlıq gətirib.
- İnsanlar bu gün infeksion xəstəliklərə daha çox harada yoluxur?
- Son illərdə infeksion xəstəliklərə yoluxma riski yalnız təhlükəli hesab edilən yerlərlə məhdudlaşmır. Gündəlik və təhlükəsiz sayılan qapalı məkanlar, insanların sıx toplaşdığı ərazilər, uzun müddət maskasız qalmaq, ictimai nəqliyyatdan istifadə və əl gigiyenasına əməl olunmaması yoluxma riskini əhəmiyyətli dərəcədə artırır.
- Əllərin tez-tez üzə toxundurulması nə qədər təhlükəlidir?
- Əllər gün ərzində çoxsaylı səthlərlə təmasda olur və mikroorqanizmlərin əsas daşıyıcısına çevrilir. Yuyulmamış əllərlə üzə, gözə və ağıza toxunmaq infeksiyaların orqanizmə daxil olmasını asanlaşdıran əsas amillərdəndir.
- Simptomsuz keçən infeksiyalar niyə daha təhlükəli hesab olunur?
- Bu şəxslər xəstə olduqlarını bilmədən ətrafdakı insanları yoluxdura bilirlər. Simptomsuz infeksiyalar yalnız laborator müayinələr vasitəsilə aşkarlanır və bu da xəstəliyin nəzarətsiz yayılmasına səbəb ola bilər.
- Ev heyvanları infeksion xəstəlik mənbəyi ola bilərmi?
- Bəzi ev heyvanları toksoplazmoz və salmonellyoz kimi infeksiyaların mənbəyi ola bilər. Lakin müntəzəm peyvəndləmə, baytar nəzarəti və gigiyena qaydalarına düzgün riayət etməklə bu riskləri minimuma endirmək mümkündür.
- Dezinfeksiyaedici vasitələrdən tez-tez istifadə etmək zərərlidirmi?
- Dezinfeksiyaedici vasitələrin normadan artıq və səbəbsiz istifadəsi dərinin qoruyucu baryerini zəiflədə, allergik reaksiyalara və həssaslığa səbəb ola bilər. Bu vasitələr yalnız zəruri hallarda və ölçülü şəkildə istifadə edilməlidir.
- Səyahətlər zamanı hansı infeksiyalar daha çox müşahidə olunur?
- Səyahətlər zamanı əsasən tənəffüs yolu və bağırsaq infeksiyaları ilə rastlaşılır. Temperatur dəyişiklikləri yuxarı tənəffüs yollarının infeksiyalarına, gigiyenik şəraiti zəif olan bölgələrdə isə çirklənmiş su və qida məhsulları bağırsaq infeksiyalarına yol aça bilər.
- Qapalı məkanlarda yoluxma riskini necə azaltmaq olar?
- Məkanların müntəzəm havalandırılması, xəstə şəxslərin izolyasiyası, əl gigiyenasına ciddi riayət olunması və zəruri hallarda maskadan istifadə yoluxma riskini xeyli azaldır.
- Ev şəraitində virus və bakterial infeksiyanı ayırd etmək mümkündürmü?
- Klinik əlamətlər çox vaxt oxşar olur. Dəqiq diaqnoz yalnız həkim müayinəsi və laborator analizlər nəticəsində qoyula bilər.
- Antibiotiklərin özbaşına istifadəsi hansı fəsadlara səbəb olur?
- Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Özbaşına və profilaktik istifadəsi bakteriyalarda davamlılıq yaradır, müalicəni çətinləşdirir və orqanizmin normal mikroflorasını pozur.
- Gələcəkdə pandemiya riski nə dərəcədə realdır?
- Qlobal səyahətlərin artması və ekoloji dəyişikliklər yeni virusların sürətlə yayılmasına şərait yaradır. Bu amillər pandemiya riskini artırır. Erkən aşkarlanma və güclü səhiyyə sistemləri isə bu risklərin qarşısının alınmasında mühüm rol oynayır.
- Cəmiyyət səviyyəsində infeksion xəstəliklərdən qorunmaq üçün əsas prioritetlər hansılardır?
- Əhalinin maarifləndirilməsi və düzgün məlumatlandırılması, immunizasiya proqramlarının gücləndirilməsi və ictimai səhiyyə infrastrukturunun davamlı inkişafı əsas prioritetlərdir.
